Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  • Oxunub 522 dəfə

 Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir bizə Zəfər Günü kimi xoşbəxtliyi bəxş edən, torpaqlarımızı işğaldan azad etmiş qəhrəman əsgərlərimizin, ordumuzun alqışlanması ilə açılıb.

  Zəfər Günü münasibətilə əməkdaşları təbrik edən İnstitutun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, “Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Millətimizin 30 illik mübarizəsinin böyük qələbə ilə nəticələnən uğurudur. İşğal altındakı bütün torpaqlarımızın azad olunması, bu gün Şuşada, Xankəndində bayrağımızın dalğalanması kimi qürurlu günləri bizə yaşadan Prezident İlham Əliyevin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”.

 AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Qarabağla bağlı xatirələrini danışıb, anadan olduğu torpaqları azad görməyin böyük xöşbəxtlik olduğunu qeyd edib, işğal dövründə erməni terrorundan, xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Torpaqların işğaldan azad olunmasında Prezident İlham Əliyevin həlledici əməyini, qətiyyətini vurğulayıb, müharibəyə hazırlığın yüksək səviyyədə aparıldığını, güclü ordu və iqtisadiyyat qurulduğunu xüsusi qeyd edib: “Mən xoşbəxtəm ki, 30 ildən sonra anadan olduğum Laçına Prezident İlham Əliyevlə birlikdə getdim. Ali baş komandana, ordumuza, xalqımıza eşq olsun!”.

 İqtisadiyyat İnstitutunun icraçı direktoru, professor Müşfiq Atakişiyev 44 günlük Vətən mühribəsində möhtəşəm, tarixi qələbəni, torpaqlarımızın işğaldan azad olunmasını Heydər Əliyev strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirib. Qeyd edib ki, Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirməklə öz adını tariximizdə əbədiləşdirib.

 Digər çıxış edənlər də Qarabağın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını böyük tarixi qələbə kimi qiymətləndiriblər. Bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər, əsgərlərimizin qəhrəmanlıqlarını, tezliklə Qarabağın yenidən cənnət bir məkana çevriləcəyini qeyd ediblər (economics.com.az).