Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfransın ikinci günü Bakıda keçirilib

  • Oxunub 571 dəfə

 Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda noyabrın 16-da Zəngilanda start götürən beynəlxalq elmi-praktik konfrans noyabrın 17-də Bakıda davam etdirilib.

 ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) moderatorluğu ilə keçirilən konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov konfransın regionda nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, eləcə də çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, son illər region ölkələri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.

 Rəhman Hümmətov konfransın sessiyaları çərçivəsində Zəngəzur dəhlizi barədə məsələlərin müzakirəsinə geniş yerin verilməsinin təsadüf olmadığını vurğulayıb: “Zəngəzur dəhlizinin region üçün böyük önəm kəsb edən Orta dəhlizin əsas hissəsi kimi potensialı, əsas üstünlükləri və tranzit əhəmiyyəti barədə ətraflı müzakirələr aparmaq və gələcəkdə dəhlizin digər beynəlxalq platformalarda təşviqi üçün geniş məlumat bazasına malik olmaq baxımından konfransın əhəmiyyəti böyük olacaq”.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov çıxış edib. Sonra konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunub.

 Müzakirələr “Zəngəzur dəhlizi təşəbbüsü regional əməkdaşlıq və inkişaf üçün katalizator kimi” (moderator Cavid Vəliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi), “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrük sistemi” (Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi), “Beynəlxalq nəqliyyat və logistik dəhlizləri sülh və tərəfdaşlığın vasitəsi kimi” (Şahin Bayramov, Mingəçevir Dövlət Universitetinin rektoru), “Nəqliyyat və logistika sənayelərinin modernləşdirilməsində əsas trendlər” (İbad Abbasov, Bakı Biznes Universitetinin rektoru), Logistika siyasətinin dizaynı və tətbiqi (Alparslan İmamqulu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası), Orta Dəhliz boyu nəqliyyat xidməti infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması (Aybəniz İsmayılova, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Rabitə İdarəsinin rəisi) və “Regional inteqrasiyanın inkişafında Zəngəzur dəhlizinin rolu” (Vahid Novruzov, Azərbaycan Respublikasının Auditorlar Palatası) mövzularını əhatə edib.

 Çıxış edənlər gömrük prosedurlarının təkmilləşdirilməsi, nəqliyyat-logistika sektorunun müasirləşdirilməsi, beynəlxalq dəhlizlər üzrə nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması, logistika siyasətlərinin formalaşdırılması və yerinə yetirilməsi məsələləri barədə danışıblar. Yekun sessiyada konfransın nəticələrinə dair fikir mübadiləsi aparılıb.

 Panel müzakirələrində ETN İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dos. Azər Səfərov, şöbə müdirləri prof. Fuad Qənbərov və prof. Tərbiz Əliyev aktual mövzularda maraqlı məruzələrlə çıxış ediblər.