Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”

  • Oxunub 2380 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın vitse prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsini dinləyərək qeyd edir ki, Azərbaycan ədəbiyyatı tarixi xalqımızın mədəni-intellektual səviyyəsi və hər bir dövrün ictimai-tarixi hadisəsi ilə bağlı olaraq inkişaf yolu keçmiş, zənginləşmiş və formalaşmışdır. Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilmişdir.
Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi zamanı əsasən hakim ideologiyanın insan cəmiyyətinin inkişaf mərhələsi haqqındakı siyasi-tarixi baxışlarına istinad edilmişdir.
Bundan əvvəl, XX əsr ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı (Qədim dövrlərdən XIII əsrə qədər)
2. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVIII əsrlər);
3. XIX əsr Azərbaycan ədəbiyyatı;
4. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı (1900-1920-ci illər). (XIX
və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mərhələləri iki dövr
yerdə olmaqla “Yeni dövr Azərbaycan ədəbiyyatı” da adlandırılmışdır);
5. Azərbaycan Sovet ədəbiyyatı (1920-1991-ci illər). (Son dövrlərdə həmin
mərhələ “Müasir Azərbaycan ədəbiyyatı” kimi də təqdim olunur).

Azərbaycan Respublikası müstəqilliyə qədəm qoyduqdan sonrakı dövrdə ədəbiyyatımızın dövrləşdirilməsi sovet hakimiyyəti illərində qəbul edilir prinsiplər üzərində cüzi dəyişikliklər edilməklə mövqeyini saxlamış, bu sahədə ciddi bir addım atılmamışdır. Aradan keçən 23 il digər humanitar və ictimai elm sahəsində olduğu kimi, Azərbaycan ədəbiyyatında da dövrləşdirilməsi istiqamətlərinin konkretləşdirilməsi problemini aktual bir məsələ kimi ortaya çıxarmışdır.
Akademik İsa Həbibbəyli çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən aşağıdakı prinsiplərin meyar kimi nəzərə alınmasını elmi baxımdan əsaslandırmışdır;
1. Azərbaycançılıq məfkurəsi;
2. Sivilizasiya amili;
3. Ədəbi-tarixi proseslərin reallıqları;
4. Azərbaycanda ədəbi cərəyanlar.
Akademik İsa Həbibbəylinin təqdim etdiyi xalqımızın keçirdiyi etnik-tarixi, ədəbi-mədəni inkişaf prinsipləri nəzərə alınmaqla hazırlanmış Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası aşağıdakı mərhələləri əhatə edir:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı.
- Mifoloji başlanğıc və xalq şeiri;
- Epos epoxası: ortaq türk abidələrindən milli bütövlüyə;
- Yazılı ədəbiyyata giriş (IX əsr).
2. Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X-XI əsrlər).
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr).
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər).
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr).
7. Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı (XIX əsrin 90-cı illərindən 1937-ci il repressiyalarına qədər).
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1960-cı illər).
9. Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı (1960-1995).
10. Azərbaycan ədəbiyyatının müstəqillik dövrü.
Yeni dövrləşdirmə konsepsiyasının tətbiqi nəticəsində Azərbaycan ədəbi- mədəni fikir tarixinin inkişaf yolunun daha aydın və sistemli şəkildə öyrənilərək təbliğ olunacağına şübhə yoxdur. Bu baxımdan məruzə xüsusi əhəmiyyət və elmi aktuallıq kəsb edir.
AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsini dinləyərək və qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:
1. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsi nəzərə alınsın.
2.Azərbaycan Yazıçılar Birliyində mütəxəssislərin iştirakı ilə yeni konsepsiyanın müzakirəsinin keçirilməsi məqsədəuyğun hesab edilsin.
3. Humanitar və ictimai elmlərin digər sahələrində də müstəqil dövlətçilik və azərbaycançılıq prinsipləri baxımından dövrləşdirmə üzrə elmi təsnifatların hazırlanması, vahid elmi konsepsiyanın yaradılması tövsiyyə edilsin.
4. AMEA-nın Humanitar Elmlər Bölməsinə (akademik Teymur Kərimli) və İctimai Elmlər Bölməsinə (AMEA-nın müxbir üzvü Nərgiz Axundova) tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələləri həll etsinlər.
5. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilsin.

AMAE-nın prezidenti akademik Akif Əlizadə
AMEA-nın akademik-katibi akademik Rasim Əliquliyev