Bakı Biznes Universitetinin magistrantları İqtisadiyyat İnstitutunda elmi tədqiqat təcrübəsi keçirlər
- Oxunub 486 dəfə
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına elmi-tədqiqat təcrübəsi keçirilir. Noyabrın 20-dən dekabrın 15-nə kimi İqtisadiyyat İnstitutunun alimləri tərəfindən keçirilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edir.
Kursların keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün i.f.d, dosent Tariyel Qurbanov magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri təyin edilib.
Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyir. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son illər beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir. Elmi tədqiqat təcrübəsinin sonunda magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatlarının təqdim olunması nəzərdə tutulur.
Dekabrın 4-də növbəti belə təlim keçirilib. İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Təbriz Yadigarov “Elmi tədqiqatlarda müasir statistik təhlil texnologiyalarının tədbiq edilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib, magistrlərlə diskussiya şəraitində müzakirələr aparılıb (economics.com.az).