Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi İqtisadiyyat İnstitutunda çıxış edib
- Oxunub 647 dəfə
Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər heyəti ilə görüş keçirilib. İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli qonaqları təqdim edib və bu toplantının dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində növbəti tədbirlərdən biri olduğunu qeyd edib.
Sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəyli rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Bildirib ki, AİBNDX antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətini həyata keçirir, həmçinin istehlak bazarına öz səlahiyyətləri daxilində dövlət nəzarətini və tənzimlənməsini təmin edir. Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır.
M.Abbasbəyli qeyd edib ki, Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlarla müəyyən olunmuş vəzifələrə, hüquqlara və səlahiyyətlərə əsaslanaraq iqtisadiyyatda sərbəst rəqabətə şərait yaratmaq, rəqabət prinsiplərini və sahibkarlığı effektiv qorumaq məqsədi güdür, haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması sahəsində tədbirlər həyata keçirir. Bazarda rəqabəti pozan, qarşısını alan və ya məhdudlaşdıran əməllərlə bağlı geniş araşdırmalar və təhqiqatlar apararaq qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, reklam fəaliyyətinə dövlət nəzarəti də AİBNDX-nin fəaliyyət sferasına daxildir.
Habelə AİBNDX dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət edir, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görür. Xidmətin rəisi vurğulayıb ki, dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması sahəsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edilir. AİBNDX dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirir, dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaradır, məsləhət xidmətlərinin göstərilməsini təşkil edir.
Sonra suallar cavablandırılıb, ölkədə dövlətin antiinhisar siyasəti və istehlak bazarına nəzarət tədbirləri ətrafında geniş və maraqlı müzakirələr aparılıb (economics.com.az).