Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı ABŞ-da nəşr olunan nüfuzlu elmi jurnalın beynəlxalq rəyçisidir

  • Oxunub 918 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Kamran Abdullayev ABŞ-da nəşr olunan, beynəlxalq reytinqli “Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları Jurnalı”nın (Journal of Eastern European and Central Asian Research)  beynəlxalq rəyçisidir. İqtisadiyyat sahəsində yüksək beynəlxalq  impakt faktora  malik  “Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları Jurnalı”  2014-cü ildən Scopus və Web of Science  (WOS) bazasına daxildir.

 Jurnalın redaktoru və beynəlxalq redaksiya heyəti üzvləri  tərəfindən bütün  rəyçilərə  2023-cü ildə onlara təqdim olunan iqtisadi  məqalələri  ingilis dilində  elmi baxımdan düzgün təhlil etmələri, o cümlədən  rəylərinin  keyfiyyəti və obyektivliyi nəzərə alınmaqla  təşəkkür bildirilmişdir.  Bununla yanaşı, jurnalın rəyçiləri arasında onların fəaliyyət göstərdiyi ölkələr və  elmi təşkilatlar üzrə seçim edilərək  beynəlxalq reytinq siyahısı tərtib olunmuşdur. Jurnalın  2023-cü ildə bütün dünya  üzrə  40-a yaxın ölkədən 200-ə yaxın  iqtisadçı rəyçisi var. Elm və Təhsil Nazirliyinin  İqtisadiyyat  İnstitutunun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Kamran Abdullayev 2023-cü il üzrə bu reytinq siyahısında (həm ölkə, həm də təmsil etdiyi  elmi-tədqiqat müəssisəsi üzrə)  birinci  pilləyə yüksəlib. Məhz buna görə də 2024-cü ildə  onun bu jurnalın beynəlxalq elmi redaksiya heyətinə  daxil edilməsi  tövsiyə edilmişdir.

Bu münasibətlə əməkdaşımız, dos. Kamran Abdullayevi təbrik edir,  elmi  fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, K.Abdullayevin Scopus bazasına daxil olan elmi jurnallarda 5 məqaləsi var, H-indeksi göstəricisi 3-dür (economics.com.az).