İqtisadiyyat İnstitutunun illik hesabatı AMEA-nın İctimai Elmlər Bölməsində təqdim olunub
- Oxunub 827 dəfə
Dekabrın 28-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) müəssisələrinin 2023-cü il üzrə illik hesabatlarına həsr olunmuş ümumi yığıncağı keçirilib. İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, mühüm nəticələrin icraçıları iştirak ediblər. Bölmənin elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2024-cü ildə onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik İctimai Elmlər Bölməsinin 2023-cü ildəki elmi fəaliyytəi ilə bağlı ümumi hesabatı təqdim edib, statistik göstəriciləri açıqlayıb. Sonra İEB-ə daxil olan institutların hesabatları dinlənilib.
İclasda İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) İnstitutun 2023-cü ildəki fəaliyyətinə dair illik yekun hesabatı təqdim edib. O bildirib ki, bu il İqtisadiyyat İnstitutunda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafin milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparılmışdır. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müəyyənləşdirilmişdir.
İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqrqmlarının və Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı müvafiq dövlət qurumlar ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparılır. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar. İl ərzində hökumət qurumlarının (Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin) sifarişi ilə bir sıra layihələr həyata keçirilib və növbəti ildə də bu işlər davam etdiriləcək.
Baş direktor bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar İqtisadiyyat İnstitutunun iştirakı və təşkilatçılığı ilə müxtəlif dövlət qurumları ilə birgə 3 elmi konfrans keçirilmiş, Ümummilli Liderə həsr olunmuş 2 kitab çap edilmişdir. Belə ki, 17 aprel 2023-cü il tarixində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans təşkil olunub. 16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Habelə 23-24 noyabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı təşkil olunub.
2023-cü ildə İnstitutun əməkdaşları tərəfindən 7 monoqrafiya, 181 məqalə, beynəlxaq elmi bazalara (Web of Scinece, SCOPUS və s.) daxil olan jurnallarda 31 məqalə olmaqla bütövlükdə xaricdə 55 əsər çap olunmuşdur. İl ərzində İnstitutun əməkdaşları müxtəlif yerli və xarici elmi konfranslarda, forumlarda, seminarlarda, tədbirlərdə iştrak ediblər. Habelə elmi seminarlarda iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. İnstitutun hazırda 1 elmi jurnalı - «İqtisadi artım və ictimai rifah» çap olunur. Elmi əməkdaşların sayı 119 nəfərdir ki, onlardan 22-si elmlər doktoru, 46-sı fəlsəfə doktorudur. İnstitutda 62 doktorant və dissertant (onlardan 15-i elmlər doktoru proqramı üzrə) təhsil alır.
İqtisadiyyat İnstitutunun fəaliyyəti 2023-ci ildə də KİV-də geniş işıqlandırılıb. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 250-yə yaxın xəbər hazırlanaraq economics.com.az İnternet saytında yerləşdirilib, mətbuatda yayılıb. 145 ölkədən izlənən saytra baxış sayı 1 milyonu keçib. Sayt daha çox Rusiya, ABŞ, Avropa Birliyi, Türkiyə, Ukrayna, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan və s. ölkələrdə oxucular tərəfindən izlənilir.
Sonra prof. N.Müzəffərli İctimai Elmlər Bölməsinin üzvlərinin suallarını cavablandırıb, xüsusən də İqtisadiyyat İnstitutunun dövlət qurumları ilə əməkdaşlığı, onların sifarişlərinin yerinə yetirilməsi təcrübəsini bölüşüb (economics.com.az).