Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Pensiya sahəsində liberal islahatlar inklüzivliyi artıracaq

  • Oxunub 406 dəfə

 Ölkə Prezidenti 05 fevral 2024-cü il tarixdə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə müəyyən edilmiş məbləği və 2023-cü ilin yanvar ayının 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımlar 11,2 faiz indeksləşdiriləcəkdir.

Bu Sərəncama əsasən, həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu isə, 8,8%-lik artım deməkdir.

Artımlar ümumilikdə 1,1 milyon nəfər pensiyaçını əhatə edir. Bu artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir (Abdullayeva) son artımları müsbət dəyərləndirərək bildirib ki, pensiyaların indeksasiyası onların sosial müdafiəsini gücləndirəcək.

İqtisadçı-ekspert qeyd edib ki, pensiya sahəsində bir sıra problemlər də  mövcuddur. Belə ki, son illərdə ölənlər arasında əmək qabiliyyətlilərin xüsusi çəkisi yüksəlməkdədir. Əgər, 2001-ci ildə ölüm səviyyəsi əmək qabiliyyətli kişilər arasında 35,0%, qadınlar arasında isə 15,3% idisə, 2021-ci ildə bu göstərici müvafiq olaraq 46,2% və 24,0% təşkil etmişdir. Bu isə o deməkdir ki, əmək qabiliyyətli, məşğul insanların böyük bir hissəsi pensiya almadan vəfat edir. Onların ödədikləri sosial sığorta haqlarından isə varisləri (həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, səkkiz yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı kimi hallar istisnadır) faydalana bilmirlər. Ekspertin fikrincə, ölkəmizdə pensiya sahəsində vərəsəlik mexanizminin formalaşdırılması zəruridir.

R.S.Abdullayeva bildirib ki, əhali arasında pensiya yaşının artırılması məsələsinə münasibət birmənalı deyil. Belə ki, əksər insanlar pensiya yaşının artırlmasına qarşıdırlar. Məlum olduğu kimi, pensiya yaşının müəyyənləşdirilməsində əsas amil doğulanda gözlənilən ömür uzunluğudur. Lakin doğulanda gözlənilən ömür uzunluğu ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları beynəlxalq təşkilatların statistik rəqəmlərilə üst-üstə düşmür. Belə ki, ARDSK-nın məlumatlarına görə 2020-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 72,7 olduğu halda, Dünya Bankının məlumatlarına görə isə ölkəmizdə həmin ildə müvafiq göstərici 67 təşkil etmişdir. Bu da, təbii ki, insanların narazılığına gətirib çıxarır. Pensiya yaşının artırılması bu sahədə inklüzivliyin təmin edilməsinə mənfi təsir göstərir.

 Ekspert ölkəmizdə pensiya sahəsində liberal islahatların aparılmasının zəruriliyini vurğulayıb. O, qeyd edib ki, pensiya sahəsində liberal islahatların aparılması, qeyri-dövlət pensiya təminatının formalaşdırılması pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərməklə yanaşı, həm də iqtisadi inkişafa öz töhfəsini verəcəkdir. Qeyd olunanların həyata keçirilməsi pensiya sahəsində inklüzivliyin artırılmasına da müsbət təsir göstərəcək (economics.com.az).