Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Prezidentin işğaldan azad edilmiş əraziləri cənnətə çevirmək çağırışını necə gerçəkləşdirə bilərik?

  • Oxunub 385 dəfə

Bu işdə özəl sektor dövlətin yanında olmalıdır

 İlin əvvəlində Prezident İlham Əliyev ölkənin televiziya kanallarına müsahibəsində 20 il ərzində görülmüş işlərin hesabatını vermiş, Xankəndidəki Zəfər paradından sonra yeni bir tarixi dövrün başlandığını bəyan etmişdir. Prezident Azərbaycan cəmiyyətinin diqqətini yeni dövrə yeni milli məqsədlər və ideyalarla başlamağın zəruriliyinə yönəltmişdir.  

 Prezident torpaqlarımızın azad edilməsinin, ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin bərpa edildiyini, tarixi bir qələbə olduğunu bildirməklə işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi ideyasının da yaxın gələcəyimiz üçün yerinə yetirilməsi vacib olan böyük bir vəzifə olduğunu xatırlatmışdır. Əvvəlki qələbələrimizin rəhni olan xalq-hakimiyyət birliyinin gələcək vəzifələrin də yerinə yetirilməsində ən güclü silahımız olduğunu qeyd edən Prezident bu birliyin daha da möhkəmləndirilməsinin zəruri olduğunu vurğulamışdır. Dövlət başçısının fikrincə, işğaldan azad edilmiş torpaqlarımızdakı bərpa-quruculuq işlərinin sürətlə aparılması, işğal nəticəsində bu ərazilərdən didərgin düşmüş vətəndaşlarımızın yurdlarına qayıdıb firavan yaşamalarının təmin edilməsi də böyük bir tarixi vəzifədir və onun yerinə yetirilməsi həm də milli birliyimizin möhkəmləndirilməsindən asılıdır. Prezident sahibkarların bərpa və quruculuq işlərinə yardımçı olmaqda böyük imkanlara malik olduqlarını nəzərə alaraq onları bərpa və quruculuq işlərinə qoşulmağa çağırmışdır. Jurnalistin  ""yerli sahibkarların, xarici investorların bu işlərə daha da fəal cəlb olunması üçün hansı institusional addımların atılması nəzərdə tutulub" sualına dövlət başçısının verdiyi cavab zənnimizcə, işğaldan azad edilmiş ərazilərdəki bərpa və quruculuq işlərində yeni bir mərhələnin başlanmasına start verilməsi kimi qəbul olunmalıdır: "...bir daha özəl sektora müraciət edərək onlara çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar". 

 Prezident fikrini davam etdirərək bu investisiya qoyuluşlarının konkret istiqamətlərini də göstərmişdir: "... bizim özəl sektorumuz Bakıda, Sumqayıtda, hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər. Və görərlər ki, o, iqtisadi cəhətdən daha səmərəli olar, eyni zamanda biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılıb və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti hesab edirəm ki, bu olmalıdır. Getsinlər müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər. Dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər... Yəni 2024-cü ilədək bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək".

 Göründüyü kimi, dövlət başçısı biznes adamlarını Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük bərpa-quruculuq işlərinə fəal qoşulmağa, evlər tikməyə, müəssisələr qurmağa çağırmışdır. Bəs bu çağırışın məzmununda və mahiyyətində nələrə diqqət yetirməliyik? 
Mahiyyət ondan ibarətdir ki, dövlət artıq bu ərazilərdə xeyli işlər görüb, mənzil tikintisi və infrastruktur quruculuğu ardıcıl olaraq davam edir. Lakin dövlətin başqa qayğıları da var. Ölkənin təhlükəsizliyini daha da gücləndirmək üçün müdafiə sənayesini inkişaf etdirmək, iqtisadiyyatın modifikasiyasını həyata keçirmək, başqa regionların inkişafını davam etdirmək, əhalinin sosial güvənliyini diqqətdə saxlamaq, Bakının, digər iri şəhərlərimizin infrastrukturunu təkmilləşdirmək və digər bu kimi vəzifələrin hər biri böyük investisiyalar tələb edir. Dövlət büdcəsinin imkanları isə hər bir tarixi zaman üçün məhduddur və bu məhdudluğun əsiri olmamaq, habelə işlərin sürətini artırmaq üçün özəl investisiyaların cəlb olunması, onların maksimum böyük həcmlərlə yenidənqurma işlərinə qatılması qaçılmaz zərurətdir. Bu zərurəti gerçəkliyə çevirmək üçün dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür. Əvvəla, onlar yeni iqtisadiyyat quruluşunun plan və proqramlarını işləyib hazırlamalı və özəl biznesi həmin proqramlar üzrə konkret hədəflərə istiqamətləndirməlidirlər. İkinincisi, özəl biznesin bu istiqamətlərə hədəflənməsi üçün lazım olan şərait yaradılmalı, kömək göstərilməli və təşkilati tədbirlər həyata keçirilməlidir. Buna görə də indiki mərhələdə Azərbaycanın dövlət qurumlarının və elmi-tədqiqat müəssisələrinin əsas işi iki istiqamətdə aparılmalıdır: bütün ölkədə və ilk növbədə, postkonflikt ərazilərdə yeni iqtisadiyyat quruculuğu elmi əsaslarla layihələndirilməli; həmin layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan özəl investisiyalar ənənəvi və qeyri-ənənəvi vasitələrlə cəlb olunub təşkil edilməlidir.

 Məlum olduğu kimi, Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə ölkəmizin perspektiv inkişafını təmin etmək üçün seçilmiş 5 əsas strateji hədəf təsdiq edilmişdir. Şübhəsiz, son nəticənin əldə olunmasını təmin etmək üçün bu istiqamətlər üzrə görülən işlərin gedişi dövrü olaraq qiymətləndirilməli,  dünyada baş verən dəyişiklikləri nəzərə almaqla həmin strateji hədəflərin özləri və bu hədəflərə aparan yollar haqqında baxışlarımız mütəmadi olaraq dəqiqləşdirilməli və təkmilləşdirilməlidir. Ən başlıcası, bu hədəflərə aparan yollar mərhələlərlə, pillə-pillə proqramlaşdırılmalı və proqramların gerçəkləşdirilməsi təmin olunmalıdır.

 Prezident İlham Əliyev öz məruzə və çıxışlarında dəfələrlə qeyd etmişdir ki, onun iqtisadi siyasətinin əsas prioritetlərindən biri və birincisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasından ibarətdir. "Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə cevirəcəyik" formulu həmin siyasətin çox aydın və qəti ifadəsidir. Zənnimizcə, indiki mərhələdə bu siyasi xəttin yerinə yetirilməsi üçün bütövlükdə ölkə iqtisadiyyatının tarazlı inkişafının proqnozlaşdırılması və proqramlaşdırılması, həmin ümumi proqramlar çərçivəsində postkonflikt ərazilərlə, yerdə qalan ərazilərin inkişafının optimal nisbətinin təmin olunması iqtisad elmi və iqtisadi idarəçiliyin əsas vəzifələrindən biridir. Bu vəzifəni uğurla yerinə yetirmək üçün postkonflikt ərazilərdəki yeni iqtisadiyyat quruculuğu dəqiqliklə layihələndirilməlidir. Həmin ərazilərdə güzəştli və stimullaşdırıcı təsərrüfatçılıq şəraitinin formalaşdırılması zəruri şərt olsa da, qətiyyən kafi şərt deyil. Bu münbit şəraitdən istifadə etməklə yeni iqtisadiyyat quruculuğunda fəal iştirak etmək üçün sahibkarlığın, özəl investisiyaların həmin ərazilərə məqsədyönlü, ünvanlı şəkildə cəlb olunmasını təşkil etmək lazımdır. Bu cür konkret təşkilati işin aparılması, ilk növbədə, sözügedən ərazilərdə qurulacaq yeni iqtisadiyyatın sahə və təşkilati quruluşunun layihələşdirilməsini tələb edir. 

 Bu yerdə konkret təkliflərə keçək. Fikrimizcə, post-konflikt ərazilərdə yaradılan yeni iqtisadiyyatın layihələndirilməsi - yəni müəyyən sahələrə aid müəssisələrin seçilib konkret ərazilərdə yerləşdirilməsi sxeminin işlənib hazırlanması bir sıra vacib prinsiplər nəzərə alınmaqla həyata keçirilməlidir. Onlar bunlardır: postkonflikt ərazilərdə məskunlaşan əhalinin yüksək gəlirli işlə təmin edilməsi; tikilib-qurulan müəssisələrin müasir texnologiyalara əsaslanması, ölkə iqtisadiyyatının texniki-texnoloji səviyyəsinin yüksəldilməsinə töhfə verməsi; yaradılan yeni iqtisadiyyatın sahə quruluşunda ixtisaslaşma və kompleksləşmənin optimal nisbətinin təmin edilməsi; tam yeni, ölkə iqtisadiyyatının modernləşdirilməsinə töhfə verəcək, region ölkələrinin tələbatını nəzərdə tutan, qlobal bazara çıxış üçün rəqabətqabiliyyətli innovativ məhsul buraxılışını təmin edəcək sənaye klasterlərinin yaradılması; yaradılan emal sənayesinin ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının maksimum böyük hissəsinin yüksək keyfiyyətlə emalını, müasir tələblərə uyğun dizaynla tərtib edilib buraxılmasını, yeni yüksək potensiala malik bazarlara yönəldilməsi, kənd təsərrüfatı məhsulları ixracının şaxələndirilməsinə nail olunması; yaradılan yeni sənaye Azərbaycanın Avropa əhəmiyyətli "yaşıl enerji" ixracatçısı, dünya əhəmiyyətli nəqliyyat-logistika habı olmaq strategiyasının təmin olunmasına töhfə verməsi; yaradılan yeni sənayenin, elmi-tədqiqat mərkəzlərinin, ali məktəblərin, elmi-textiki xidmət mərkəzlərinin, bu regionun respublikanın elmi-texniki sıçrayışına töhfə verən yeni inkişaf mərkəzinə çevrilməsi, Bakının qeyri-mütənasib urbanizasiya tendensiyalarından yayınmasına yardım etməsi. 

 Zənnimizcə, sadaladığımız prinsiplər əsasında formalaşdırılan postkonflikt ərazilərdəki iqtisadiyyatın struktur sxemi özəl investisiyaların konkret istiqamətlərlə konkret ünvanlara cəlb edilməsinin layihə əsası ola bilər.  Bu cür böyükmiqyaslı regional inkişaf layihəsini maliyyələşdirmək, maksimum sürətlə gerçəkləşdirmək üçün dövlət-özəl əməkdaşlığının tam yeni bir modeli təsbit olunmalıdır. Bu illər ölkənin taleyüklü problemlərinin həll edilməsində, strateji-iqtisadi məqsədlərin əldə olunmasında əsas qərarları ölkənin siyasi rəhbərləri vermiş, onların gerçəkləşdirilməsi üçün zəruri təşkilat tədbirləri də dövlət orqanları tərəfindən həyata keçirilmişdir. "Əsrin müqaviləsi"  adlandırılan dünyanın ən iri enerji şirkətləri ilə neftin pay bölgüsü sazişinin imzalanmasında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanda qaz istehsalını yeni mərhələyə qaldıran və Avropaya nəqlini təmin edən beynəlxalq sazişlərin imzalanması və icrasında, habelə Azərbaycanın "yaşıl enerji" ixracatçısına çevrilməsini nəzərdə tutan müqavilələrin imzalanmasında Prezident İlham Əliyevin başçılığı və onun hökumətinin iştirakı bunun əyani sübutudur. Digər tərəfdən, Azərbaycan dövləti ölkədə özəl biznesin yaradılması və möhkəmləndirilməsi üçün uzun illərdir böyük dəstək proqramlarını həyata keçirir. İqtisadiyyat Nazirliyi strukturunda KOBİA, Biznesə Dəstək Fondu, AZPROMO, İZİA və digər dövlət qurumlarının fəaliyyəti Azərbaycan dövlətinin özəl biznesin inkişafına necə önəm verməsinin, ona necə böyük miqyaslarla yardım etməsinin nümunəsidir. 

 İndi isə Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı münasibətlərində müəyyən dəyişikliklərin baş verməsinin vaxtı gəlib çatmışdır. Bu dəyişikliklərin mahiyyətinin dövlət orqanlarının yardımçı mövqeyindən  istiqamləndirici-təşkilatçı mövqeyinə keçməsi, sahibkarların yardım alan mövqeyindən milli əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində dövlətin köməkçisi, bu layihələrin məsul iştirakçısı və maliyyələşdiricisi mövqeyinə keçməsindən ibarət olmalıdır. Dövlət - özəl əməkdaşlığı formulunda bu cür modifikasiyaya nail olmaq ölkə iqtisadiyyatının texniki-texnoloji cəhətdən inkişafını və postkonflikt ərazilərin bərpa və yenidən qurulması kimi milli prioritetlərin gerçəkləşdirilməsini sürətləndirə bilər.
Bəs bu modifikasiyaya necə nail olmaq mümkündür?  

 Buna nail olmaq üçün həm dövlət iqtisadi idarəçilik orqanlarının, həm də sahibkarların Prezidentin çağırışını eşitmələri, özlərindən asılı olanları etməyə hazır olmaları kifayətdir. Dövlət iqtisadi idarəçilik orqanlarının özəl biznes subyektlərinə inamsızlığı bir tərəfə qoyaraq daha diqqətlə yanaşmaları, onların artıq dövlət əhəmiyyətli layihələrin icrasına hazır olduqları mövqeyindən çıxış etmələri lazımdır. Sahibkarlar isə özlərinin milli və sosial məsuliyyətlərini dərk etməli, dövlət əhəmiyyətli layihələrin işlənməsinə hazır olduqlarını hər cür ifadə etməli, milli mənafelərə sədaqətli olduqlarını işdə sübuta yetirməlidirlər. Başa düşməlidirlər ki, işğaldan azad olunmuş ərazilərdə görüləcək bərpa və quruculuq işlərinin miqyası o qədər böyükdür ki, onları yaxın zamanda yerinə yetirmək üçün özəl sektorun iştirakına və dəstəyinə böyük ehtiyac var. Ona görə də iş adamlarının bu işlərə könüllü qoşulması çox vacib milli birlik formulu ola bilər. 

 İnanırıq ki, Ali Baş Komandan-Ordu-Xalq birliyinin qalibiyyətini yaşamış xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Prezident-Biznes-Xalq formulu ilə Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsinə də nail olacaq. 

Azər SƏFƏROV, 
iqtisad üzrə fəlsəfə doktoru, ETN İqtisadiyyat İnstitutu Postkonflikt ərazilərin bərpası elmi mərkəzinin rəhbəri

"Azərbaycan" qəzeti, 17.02.2024