İqtisadiyyat İnstitutunun üç əməkdaşına Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sertifikatı verilib
- Oxunub 339 dəfə
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirməkdir. Agentlik məhz akkreditasiya qiymətləndirilməsi zamanı qurulacaq müvafiq Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edəcək yerli və xarici mütəxəssislərin seçilməsi və sertifikatlaşdırılması məqsədilə ekspert bankının formalaşdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Sözügedən banka müraciət edən şəxslər 3 modul təlimə cəlb olunurlar. 1-ci modul təlim Daxili Keyfiyyət Təminatı, 2-ci modul təlim Akkreditasiya qiymətləndirmə prosesində ekspertlərin peşəkar fəaliyyəti, 3-cü modul təlim isə Akkreditasiya meyarlarına aiddir. Modullararası qiymətləndirmə keçirilərək müvəffəqiyyət qazanan namizədlər bir sonrakı modul təlimə qatılmağa haqq qazanırlar. 3-cü modul təlimi müvəffəqiyətlə tamamlamış namizədlər akkreditasiya proseslərində iştirak hüququ verən sertifikat əldə edirlər.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun 3 əməkdaşı - şöbə müdiri, dosent Pərviz Həsənov, aparıcı elmi işçilər, dos. Tariyel Qurbanov və dos. Asif Mustafayev hər üç modul üzrə təlimlərdə aktiv iştirk ediblər və onlara müvafiq sertifikatlar təqdim olunub.
Təlimin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiya prosesinin milli va beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi məqsədilə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlərin keyfiyyət təminatı sistemi (xüsusilə, Daxili Keyfiyyət Təminatı - DKT) haqqında biliklarini dərinləşdirmək, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi arasında əlaqələri aydınlaşdırmaq və praktik tapşırıq vasitəsilə DKT-nın tətbiq olunmasına dair ekspertlarin bacarıqlarını təkmilləşdirməkdir.