İcbari tibbi sığortanın səmərəliliyini qiymətləndirmək məqsədilə sorğu keçirilib
- Oxunub 267 dəfə
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın economics.com.az-a müsahibəsi
- Rəsmiyyə xanım, bu yaxınlarda Azərbaycanda icbari tibbi sığorta mexanizminin səmərəliliyini qiymətləndirmək məqsədilə sorğu keçirmisiniz. Sorğu keçirməkdə əsas məqsədiniz nə idi?
- Məlum olduğu kimi, ölkəmizdə bir neçə ildir icbari tibbi sığorta mexanizmi fəaliyyət göstərir. Mexanizm yeni olduğundan, onun fəaliyyətindən razı olanlarla yanaşı, narazılar da az deyil. Odur ki, ölkəmizdəki icbari tibbi sığorta mexanizminin səmərəliliyini qiymətləndirmək mqəsədilə Google-Survey vasitəsilə sorğu keçirdik. Məqsəd mövcud problemlərin aşkanlanması, onların aradan qaldırılması yollarını müəyyənləşdirmək idi.
- Sorğuda kimlər iştirak edirdi?
- Bu, bir ekspert sorğusu idi. 100-ə qədər ekspertin iştirakını nəzərdə tutmuşduq, lakin sorğuya maraq daha böyük oldu. Sorğuda iqtisadiyyat sahəsi üzrə fəaliyyət göstərən 115 ekspert iştirak etdi. Onların 53%-i magistr, 38,3%-i fəlsəfə doktoru, 8,7%-i isə elmlər doktorudur.
- Sorğuda hansı məsələlərə dair ekspertlərin münasibətini öyrəndiniz?
- Sorğu 10 sualdan ibarət idi. Bu suallarda respondentlərdən ölkəmizdəki icbari tibbi sığorta mexanizmini necə qiymətləndirmələri soruşulurdu. Sorğuda, həmçinin bu mexanizmin üstünlükləri, çatışmazlıqları, Dövlət Proqramları çərçivəsində müalicə edilən xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması, icbari tibbi sığorta haqqı ödəyənlərin digər kateqoriyadan olanlarla eyni sayda tibbi xidmətdən istifadəsi, il ərzində icbari tibbi sığorta çərçivəsində heç bir tibbi xidmətdən faydalanmayan tibbi sığorta haqqı ödəyənlərin vəsaitlərinin necə dəyərləndirilməsi, ilkin səhiyyə xidmətləri çərçivəsində dərman təminatının olmaması məsələlərinə ekspertlərin münasibətləri öyrənildi. Azərbaycanda icbari tibbi sığorta sahəsində idarəetmənin mövcud vəziyyəti, səhiyyə sahəsində fəaliyyət göstərən müvafiq idarəetmə qurumlarının fəaliyyəti də qiymətləndirilməklə yanaşı, icbari tibbi sığorta mexanizminin təkmilləşdirilməsi üçün ekspertlərin fikirləri qeydə alındı.
- Sorğunun nəticələri necə oldu?
- Azərbaycanda fəaliyyət göstərən icbari tibbi sığorta mexanizmini sorğuda iştirak edənlərin 72,2%-i “yaxşı”, 17,4%-i “pis”, 10,4%-i isə “əla” qiymətləndirib. İcbari tibbi sığorta mexanizminin üstünlükləri ilə əlaqədar suala respondentlərin 82,6%-i “Maddi durumundan asılı olmayaraq hər kəsə tibbi xidmətlərdən faydalanmaq imkanı verir” cavabını seçib. Həmrəylik prinsipinə əsaslanan icbari tibbi sığorta mexanizmi, doğrudan da maddi vəziyyətindən asılı olmayarq hər bir şəxsə səhiyyə xidmətlərindən faydalanmaq imkanı verir. Müsbət tərəfləri ilə yanaşı, icbari tibbi sığorta mexanizminin çatışmazlıqları haqqında da respondentlərin fikirləri maraq kəsb edir. Onların 67%-i “Növbələrin çoxluğunu”, 59,1%-i “Tibbi personal arasında köhnə stretiplərin mövcudluğu və işinə həvəsiz yanaşması” cavabını seçib. Bu sualı cavablandıran respondentlərin 53%-i “Tibbi xidmətlərin keyfiyyətinin aşağı olmasını”, 36,5%-i “Tibbi avadanlıqların şatışmazlığı”nı, 24,3%-i “Kadr çatışmazlığı”nı, 19,1%-i isə “Sosial sığorta haqlarının yığılması mexanizminin düzgün qurulmaması”nı ölkəmizdəki icbari tibbi sığorta mexanizminin çatışmazlıqları kimi qeyd ediblər.
- Məlum olduğu kimi, ölkəmizdə icbari tibbi sığorta mexanizmində ilkin səhiyyə xidmətləri çərçivəsində pasiyentlərə dərman təminatı göstərilmir. Bu məsələyə ekspertlərin münasibəti neçə olub?
-Bu məsələyə respondentlərin 46,1%-i “Həkim resepti əsasında bəzi dərmanlar pulsuz verilməlidir”, 32,2%-i “Düzgün deyil, aztəminatlı əhali qrupları çətinlik çəkir”, 19,1%-i “Həkim resepti əsasında bütün dərmanlar pulsuz verilməlidir” cavabını seçib.
- Azərbaycanda bir sıra xəstəliklərin müalicəsi icbari tibbi sığorta mexanizmi çərçivəsində deyil, Dövlət Proqramlarının icrası çərçivəsində müalicə edilir. Dövlət Proqramlarının icrası başa çatdıqdan sonra onların icbari tibbi sığorta çərçivəsində müalicəsinin aparılması diskussiya predmetidir. Ekspertlərin bu məsələyə münasibəti necədir?
- Respondentlərin 75,7%-i “Zəruridir, dövlət proqramları başa çatdıqdan sonra mütləq daxil edilməlidir”, 13%-i “Zəruridir, amma tələsik deyil, müəyyən müddətdən sonra daxil edilsə, yaxşı olar”, 9,6%-i “fərq etmir” cavabını seçib. Göründüyü kimi, sorğuda iştirak edənlərin əksəriyyəti dövlət proqramları başa çatdıqdan sonra bu xətəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsini məqbul hesab edirlər.
- Ölkəmizdə icbari tibbi sığorta mexanizmi həmrəylik prinsipinə əsaslanır. İqtisadiyyatda məşğul olanların ödədikləri icbari tibbi sığorta haqları və dövlət büdcəsindən ayrılan transfertlərlə icbari tibbi sığorta mexanizmi maliyyələşir. İşləməyənlərin işləyənlərlə eyni sayda xidmətdən faydalanması məsələsinə işləyənlər arasında münasibət birmənalı deyil. Bu məsələyə ekspertlərin münasibəti necə olub?
- Respondentlərin 52,2%-i “Tibbi sığorta haqqı ödəyənlərə əlavə tibbi təminatlar verilməsini zəruri hesab etdiyi”ni, 40,9%-i “Məqbul hesab etdiyi”ni, 6,1%-i isə “Sosial ədalətsizlik hesab etdiyi”ni bildirib.
- Məlum olduğu kimi, icbari tibbi sığorta mexanizminin tətbiqindən sonra işləyənlər arasında dövlət səhiyyə xidmətlərindən faydalanmayan şəxslər var. Onların ödədikləri icbari tibbi sığorta haqlarının necə istifadə olunması da müzakirə tələb edən mövzudur.
- Bu məsələ haqqında da ekspertlərin fikrini öyrəndik. “İl ərzində icbari tibbi sığorta çərçivəsində heç bir tibbi xidmətdən faydalanmayan tibbi sığorta haqqı ödəyənlərin vəsaitləri necə dəyərləndirilsin?” sualına respondentlərin 43,5%-i “İllik inflayasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilsin və tibbi sığorta kaipatlı kimi vətəndaşın hesabında saxlanılsın”, 33%-i “İllik inflayasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilsin və xidmətlər zərfində olmayan xəstəliklərin müalicəsi üçün Agentliklə müqaviləsi olmayan özəl səhiyyə müəssisələrində müayinə və müalicə üçün istifadə edilsin” cavabını verib. Respondentlərin 22,6%-i isə cavablar arasında “İllik inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilsin və xidmətlər zərfində olmayan xəstəliklərin müalicəsi üçün istifadə edilsin” variantını seçib.
- İcbari tibbi sığorta sistemində mövcud problemlərin bir çoxu idarəetmə ilə bağlıdır.
- İcbari tibbi sığorta sahəsindəki idarəetməni respondentlərin 59,1%-i “yaxşı”, 37,4%-i “pis”, cəmi 3,5%-i isə “əla” dəyərləndirib. İdarəetmə ilə bağlı digər bir sualaisə(“Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən müvafiq idarəetmə qurumlarından hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?”) verilən cavablara əsasən respondentlərin 35,7%-i “İcbari Tibbi Sığorta Agentliyi”nin, 27%-i “TƏBİB”in, 13,9%-i isə “Səhiyyə Nazirliyi”nin fəaliyyətini müsbət qiymətləndirib. Maraqlıdır ki, cavablar arasında ən yüksək xüsusi çəki “heç biri”nə (39,7) məxsusdur. Belə nəticəyə gəlmək olar ki, iqtisadçı-ekspertlər səhiyyə sahəsində idarəetmə fəaliyyətini həyata keçirən dövlət qurumlarının fəaliyyətindən əsasən narazıdırlar.
- Ekspertlərin fikrincə, icbari tibbi sığorta sahəsində mövcud problemlərin həlli istiqamətində ən çox zərurət doğuran islahatlar hansılardır?
-İcbari tibbi sığorta mexanizminin təkmilləşdirilməsi üçün respondentlərin 66,1%-i “İdarəetmənin yaxşılaşdırılması”nı, 64,3%-i “Tibbi təchizatın gücləndirilməsi”ni, 58,3%-i “Kadr potensialının gücləndirilməsi”ni, 57,4%-ni “Şəffaflığın artırılması”nı, 53%-i “Maarifləndirmənin aparılması”nı, 38,3%-i isə “Qanunvericilik bazasında dəyişikliklərin olması”nı zəruri sayır.
- Maraqlı araşdırmaya və müsahibəyə görə təşəkkür edirik.
Mahir Zeynalov