Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor İsa Alıyev dünyasını dəyişib

  • Oxunub 388 dəfə

 Tanınmış iqtisadçı alim, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor  İsa Hüseyn oğlu Alıyev martın 9-da dünyasını dəyişib.

 İsa Alıyev 1953-cü il oktyabrın 8-də Dərələyəz rayonunun Qalaser kəndində anadan olub. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970–75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun "Siyasi iqtisad" ixtisasına qəbul olmuş və oranı bitirmişdir. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş, 1976–77-ci illərdə Ordu sıralarında hərbi xidmətdə qulluq etmişdir. 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda "Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi" adlı siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş, 2005-ci ildə "Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. “İqtisadiyyat nəzəriyyəsi” ixtisası üzrə professor elmi adını almışdır.

 İ.Alıyev 2008-2014-cü illərdə İqtisadiyyat İnstitutunun direktoru işləmişdir. O aqrar sahə üzrə ölkənin tanınmış iqtisadçı alimlərindəndir. Uuzn illər İqtisadiyyat İnstitutunun aqrar elminin inkişafı problemləri ilə məşğul olan şöbəsinə rəhbərlik etmişdir. 40-dan çox beynəlxalq və 100-dən çox respublika miqyaslı elmi tədbirlərin iştirakçısı olmuşdur. Ümumilikdə 300-dən çox elmi işin, o cümlədən aqrar elmi ilə bağlı monoqrafiyaların, kitabların müəllifidir. 40-dan artıq müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyasına rəhbərlik etmişdir.

 İ.Aliyev 2011-ci ildə Avropa Biznes Assambleyasının (EBA) Ekspertlər Şurası tərəfindən “İlin ən yaxşı top-meneceri”, 2012-ci ildə “Elmdə ad” fəxri adına, 2013-cü ildə isə Beynəlxalq Sokrat Mükafatına layiq görülüb. Alim Avrasiya Beynəlxalq İqtisadçılar İttifaqının yaradıcılarından biri, Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 ETN İqtisadiyyat İnstitutunun kollektivi professor İsa Alıyevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir.

Allah rəhmət eləsin!