“Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyası İqtisadiyyat İnstitutunun strukturuna daxil edildi
- Oxunub 1129 dəfə
AMEA-nın prezidenti, akademik Akif Əlizadə 11 yanvar 2017-ci il tarixli “AMEA İdarəetmə Sistemləri İnstitutunun “Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyasının AMEA İqtisadiyyat İnstitutunun strukturuna daxil edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, son zamanlar respublika iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, intellectual inkişaf modelinə əsaslanan biliklər iqtisadiyyatının qurulması istiqamətində dövlət səviyyəsində həyata keçirilən siyasət elmi fəaliyyət sahəsində də bir sıra tədbirlərin gerçəkləşdirilməsini zəruri etmişdir. Xüsusən, ölkənin yeni post-neft mərhələsinə uyğun sosial-iqtisadi inkişaf modellərinin müəyyənləşdirilməsi iqtisad elmi sahəsində araşdırma aparan elmi tədqiqat müəssisələri qarşısında yeni vəzifələr qoymuşdur. AMEA-nın elmi tədqiqat müəssisələri içərisində iqtisadi istiqamətdə fəaliyyət göstərən əsas qurumlardan biri də İdarəetmə Sistemləri İnstitutunun 4 saylı sosial-iqtisadi sistemlərin modelləşdirilməsi şöbəsinin fiskal strategiyanın modelləşdirilməsi laboratoriyasıdır.
Laboratoriyada milli iqtisadiyyatın idarəedilməsinin modellər sisteminin yaradılması, vergi potensialının və dövlətin qanunvericilik və inzibatçılıq səylərinin qiymətləndirilməsi, Azərbaycan Respublikasında fiskal və monetar siyasətin qarşılıqlı əlaqələrinin modelləşdirilməsi istiqamətində həyata keçirilən elmi tədqiqatların iqtisad elminin digər istiqamətləri üzrə daha uğurlu koordinasiyası məqsədilə həmin laboratoriya mövcud ştat vahidləri ilə birlikdə AMEA İqtisadiyyat İnstitutunun strukturuna daxil edilib (economics.com.az).