Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyəti gücləndirilir

  • Oxunub 1258 dəfə

 AMEA üzrə e-sənədlərin mübadiləsi və yayılması rəsmi e-poçt ünvanları vasitəsi ilə həyata keçirilir

 AMEA-nın AzScienceNet Elm-Kompüter Şəbəkəsi Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir. Məlum olduğu kimi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilmişdir.

 Qeyd olunan dövlət sənədlərinin qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq, AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur, AMEA-nın əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır. Alimlər öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə edir, irimiqyaslı elmi layihələr həyata keçirir, qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərindən istifadə edirlər. AzScienceNet 2014-cü ildə fəaliyyətə başlamış GEANT Assosiasiyasına üzv seçilməklə 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Bu Assosiasiyanın əsas məqsədi elm və təhsil üçün yüksək keyfiyyətli beynəlxalq İKT infrastrukturunun yaradılması, milli elektron elm və təhsil mühitləri əsasında qlobal fəzanın formalaşdırılması, elmi məqsədlər üçün istifadə olunan milli və beynəlxalq elektron infrastrukturların təkmilləşdirilməsi məsələlərinin birgə təşkilidir. Bundan əlavə, AzScienceNet-in GEANT-ın yeni “HORIZON 2020” proqramı çərçivəsində maliyyələşdiriləcək layihəsində də iştirakı nəzərdə tutulur. Layihənin əsas hədəfi hər bir avropalı alimi “rəqəmsal alimə” çevirmək, elmi tədqiqatlarda yaradıcılıq və səmərəliliyi artırmaq, inkişaf etmiş və inkişaf etməkdə olan regionlar arasındakı rəqəmsal fərqi aradan qaldırmaqdır.

 AzScienceNet ölkəmizi “EaPConnect” (Eastern Partnership Connect) layihəsində də təmsil edir. Layihənin əsas məqsədi Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm və təhsil infrastrukturuna qoşulmasıdır. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan elminin informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının yaradılması, elmin informasiya təminatının gücləndirilməsi kimi məsələlər həll olunmalıdır. Bütün bunlar AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin daha da gücləndirilməsini zəruri edir.

 Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 dekabr 2016-cı il tarixli “AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında” qərarına əsasən, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb ki:
1. AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planı hazırlansın;
2. AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturu genişləndirilsin;
3. AzScienceNet Elm-Kompüter Şəbəkəsinin və DATA Mərkəzinin xidmətlərindən, həmçinin İnternet resurslarından səmərəli istifadə edilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin;
4. AzScienceNet Elm-Kompüter Şəbəkəsinin maddi-texniki bazası gücləndirilsin və müasir avadanlıqlarla təmin edilsin;
5. AMEA-nın regional elmi bölmələri və mərkəzlərinin zəruri İnternet xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin;
6. AzScienceNet Elm-Kompüter Şəbəkəsi üzərindən Azərbaycanın regionlarındayerləşən elm və təhsil müəssisələri üçün distant xidmətlərin həyata keçirilməsi təmin edilsin;
7. “EaPConnect” layihəsi çərçivəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədi ilə AzScienceNet Elm-Kompüter Şəbəkəsinin müvafiq beynəlxalq qurumlarla əlaqələri gücləndirilsin;
8. AMEA-nın elmi müəssisə və təşkilatlarının müvafiq əməkdaşları üçün AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyəti haqqında elmi-praktiki seminarın keçirilməsi təmin olunsun;
9. İnformasiya təhlükəsizliyi siyasətinin tələblərinə müvafiq olaraq AzScienceNet şəbəkəsinin e-poçt xidmətinin fəaliyyəti gücləndirilsin;
10. Rəsmi e-poçt ünvanları üzrə məsul şəxslərlə müvafiq təlimatlandırma işlərinin həyata keçirilməsi təmin edilsin;
11. AzScienceNet şəbəkəsinin xidmətlərindən istifadə siyasətinin tələbləri, İnternet-monitorinqin imkanları AMEA-nın əməkdaşlarına təbliğ olunsun;
12. AzScienceNet şəbəkəsinin İnternet-monitorinq və İnternet-analitikası işlərinin gücləndirilməsi və mütəmadi hesabatların hazırlanması təmin edilsin;
13. AzScienceNet şəbəkəsinin xidmətlərindən respublikanın ali təhsil müəssisələrinin və digər müvafiq dövlət qurumlarının geniş istifadə etməsi üçün tədbirlər həyata keçirilsin.

 Habelə AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, Pan-Avropa elm və təhsil şəbəkəsi (GEANT) tərəfindən AzScienceNet Elm-Kompüter Şəbəkəsinə ayrılmış İnternet trafikdən səmərəli istifadə təmin olunsun; böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün AzScienceNet Elm-Kompüter Şəbəkəsi və DATA Mərkəzin resurslarından səmərəli istifadə olunması təmin edilsin; AMEA üzrə bütün qurumlar və məsul şəxslərin rəsmi e-poçt ünvanlardan istifadəsi təmin edilsin; rəsmi e-poçt ünvanları üzrə məsul şəxslər təyin edilsin; AMEA üzrə e-sənədlərin mübadiləsi və yayılması rəsmi e-poçt ünvanları vasitəsi ilə həyata keçirilsin (economics.com.az).