AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək
- Oxunub 1724 dəfə
Elmi katib Rəsmiyyə Abdullayeva: “Bu il İqtisadiyyat İnstitutunun magistraturasına 5 nəfərin qəbul edilməsi nəzərdə tutulur”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən cari ilin may-iyun aylarında AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək. Məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1500 manat;
II yer – 1000 manat;
III yer – 500 manat.
Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.
AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva “economics.com.az” saytına bildirib ki, hazırda İnstitutda 1 nəfər magistratura təhsili alır. 2017-ci ildə isə AMEA İqtisadiyyat İnstitutunun magistraturasına 5 nəfərin qəbul edilməsi nəzərdə tutulur.