Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

V Dünya Hökumətlər Sammiti

  • Oxunub 1489 dəfə

 Dubayda keçirilən tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli də iştirak edib

 Fevralın 12-14-də Dubayda V Dünya Hökumətlər Sammiti (World Government Summit) keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər qatılıblar.

 Sammitin işində AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) və İnstitutun aparıcı elmi işçisi, i.f.d. Rüfət Efendiyev də iştirak ediblər. Sammit çərçivəsində keçirilən "Yeni ideyalar" müsabiqəsində i.f.d. Rüfət Efendiyevin də daxil olduğu beynəlxalq qrup ikinci yeri tutub.

 Məruzəçilər arasında Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, Beynəlxalq Valyuta Fondunun icracı direktoru Kristin Laqard, BMT-nin İnkisaf Proqramının direktoru Helen Klark, BMT-nin baş katibi Antonio Guterres, Dünya Bankının prezidenti Cim Yonq Kim, UNESCO-nun baş direktoru İrina Bokova, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, MAGATE-nin direktoru Yukiya Amano, bir cox ölkələrin baş nazirləri və nazirləri, dunyanın tanınmış şirkətlərinin rəhbərləri, görkəmli elm adamları, Nobel mükafatçıları da var.

 Sammit iştirakçıları üç gün ərzində hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar, hökumətin gələcəyini necə görmələrindən danışıblar. Bu mühüm tədbirdə iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı ilə bilavasitə bağlı olan, dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyinə dair bir sıra mövzular müzakirə edilib.

 Sammitin tərəfdaşları BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası və digər qurumlardır. Təşkilatçıların fikrincə, bu tədbir xalqların rifahı naminə beynəlxalq hərəkata, regionda mühüm hadisəyə, gələcəyin proqnozlaşdırılması üçün dünyada ilk meydançaya çevrilib. Sammit bütün bəşəriyyət naminə ən yaxşı gələcəyin layihələndirilməsi üçün tarixi imkan, xalqlar üçün ümid mənbəyidir (economics.com.az) .