“Azərbaycan Respublikasında post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda tədqiqatlar aparılacaq
- Oxunub 1202 dəfə
AMEA İqtisadiyyat İnstitutunda yerinə yetiriləcək yeni tədqiqat mövzusu yaxın iki il üçün nəzərdə tutulmuşdur
AMEA İqtisadiyyat İnstitutu 2017-2018-ci illərdə “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” istiqaməti üzrə elmi-tədqiqat işi yerinə yetirəcək. 2014-2016-cı illərdə İqtisadiyyat İnstitutu “Azərbaycan Respublikasında davamlı inkişafın təmin edilməsinin sosial-iqtisadi problemləri” mövzusunda tədqiqat işi aparıb. Bu ildən etibarən İnstitut yeni mövzu üzərində işləyir. Mövzu müəyyənləşdirilərkən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı iqtisad elminin üzərinə düşən vəzifələr, eləcə də AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı əsas götürülmüşdür.
İnstitutun Elmi Şuranın iclaslarında bir neçə müzakirədən sonra yeni istiqamət “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” kimi təsdiq olunmuşdur. Bu istiqamət həm fundamental nəzəri tədqiqatlar aparılmasını, həm də tətbiqi araşdırmalarla qanunverici və icraedici dövlət idarəetmə orqanları üçün təklif və tövsiyyələr hazırlanmasını ehtiva edir.
Elmi Şura nəzərə almışdır ki, sosial-iqtisadi inkişafın yüksək dinamikliyi səbəbindən iqtisadi tədqiqatların uzun müddət üçün planlaşdırılması indi əvvəlki vaxtlarda olduğu qədər əhəmiyyətli deyil. Bəzən ilk illərdə alınmış nəticələr tədqiqat müddəti başa çatanadək öz aktuallığını tamamilə itirir. Ona görə də yeni tədqiqat mövzusu yaxın iki il üçün nəzərdə tutulmuşdur (economics.com.az).
AMEA İqtisadiyyat İnstitutunun 2017-2018-ci illər üçün elmi-tədqiqat planı (yüklə)