Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Strateji Yol Xəritələri: prioritetlər və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək

  • Oxunub 1416 dəfə

 Allahyar Muradov: “İnstitutun apardığı elmi-tədqiqatlar “Strateji yol xəritələri”nin prioritetlərinə uyğunlaşdırılır”

 AMEA İqtisadiyyat İnstitutu öz elmi fəaliyyətində “Strateji yol xəritələri”nin qarşıya qoyduğu vəzifələri, prioritet inkişaf istiqamətlərini əsas götürüb. İnstitut 2017-ci və sonrakı illərdə “Strateji yol xəritələri” ilə bağlı bir sıra mühüm tədbirlər də həyata keçirəcək.

 Belə ki, martın 15-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor N.Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı əsasında müzakirələr aparılıb, bu sahədə İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələrlə bağlı qərar qəbul olunub.

 AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov “economics.com.az” saytına bildirib ki, Elmi Şuranın qərarına əsasən, 2017-ci il və sonrakı illərdə İnstitutun elmi və təşkilati fəaliyyəti “Strateji yol xəritələri”nin qarşıya qoyduğu vəzifələrə hədəflənəcək və bununla bağlı məsələlər nəzarətdə saxlanılacaq. Artıq 2017-ci il üzrə elmi tədqiqat mövzuları, bu il doktoranturaya qəbul olan doktorant və dissertantların dissertasiya mövzuları müəyyənləşdirilərkən “Strateji yol xəritələri”ndəki prioritet istiqamətlər nəzərə alınıb. Növbəti illərdə də İnstitutun elmi-tədqiqat istiqamətinin, şöbə və əməkdaşların elmi-tədqiqat mövzularının “Strateji yol xəritələri”nin prioritetlərinə uyğunlaşdırılması, doktoranturaya qəbul olanlara mövzular müəyyən edilərkən “Strateji yol xəritələri” üzrə prioritetlərin nəzərə alınması, “Strateji yol xəritələri”nin icrası dövründə aparılan islahatların sosial-iqtisadi effektivliyinin qiymətləndirilməsi istiqamətində elmi araşdırmaların aparılması, “Strateji yol xəritələri”ndəki prioritetlər üzrə mütərəqqi təcrübələrin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək.

 “Strateji yol xəritələri”nin icrası ilə əlaqədar olan iqtisadiyyat yönümlü normativ-hüquqi sənədlərin, proqramların hazırlanmasında və ekspertizasında, “Strateji yol xəritələri”nin icrası ilə əlaqəli fəaliyyətlərin monitorinqində iştirak nərərdə tutulur.

 Bunlarla yanaşı, “Strateji yol xəritələri”nin hər biri üzrə seminarların təşkili, 2017-ci ilin noyabr ayında “Strateji Yol Xəritələri: prioritetlər və inkişaf perspektivləri” mövzusunda respublika səviyyəli konfransın keçirilməsi, KİV-də “Strateji yol xəritələri”ndə qarşıya qoyulan vəzifələrlə bağlı məqalələrin nəşr etdirilməsi və s. planlaşdırılır. “Strateji yol xəritələri”ndə nəzərdə tutulmuş hər bir istiqamət üzrə ayrıca “Dəyirmi masa”lar keçiriləcək, geniş elmi müzakirələr təşkil olunacaq. Həmçinin dünyanın nüfuzlu beyin mərkəzləri, Azərbaycanın dövlət qurumları, universitetləri, sahə ETİ ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqatların aparılması, “Strateji yol Xəritələri”nin prioritetləri üzrə yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur (economics.com.az).

KİV-də bu mövzuda yerləşdirilmiş digər xəbərlər

- İqtisadiyyat İnstitutunda “Strateji yol xəritələri”nin icrası ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul olunub  http://www.science.gov.az/news

İqtisadiyyat İnstitutun apardığı elmi-tədqiqatlar “Strateji yol xəritələri”nin prioritetlərinə uyğunlaşdırılır  http://azertag.az/xeber/