Helsinki Universitetinin doktorantı İqtisadiyyat İnstitutunda mühazirə oxudu
- Oxunub 1147 dəfə
Matti Ylönen “Yoxsulluqdan rifah dövlətinə: Finlandiya nümunəsi”ndən danışdı
Aprelin 20-də Helsinki Universitetinin doktorantı Matti Ylönen AMEA İqtisadiyyat İnstitutunda mühazirə oxudu. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra M.Ylönen “Yoxsulluqdan rifah dövlətinə: Finlandiya nümunəsi” mövzusunda təqdimatla çıxış etdi.
Məruzəçi ikinci dünya müharibəsindən sonra kasıb ölkə olan Finlandiyanın sonradan varlanması, onun iqtisadi inkişaf yolu barədə geniş məlumat verdi. Bildirildi ki, hazırda adambaşına ÜDM istehsalı 41800 dollar olan bu ölkədə iqtisadiyyatın əsasını sənaye istehsalı təşkil edir. İqtisadiyyatın 21,6%-i elektronika və maşınqayırma, 10,9%-i kimya, 21,1%-i nəqliyyat, 13,1%-i meşə sənayesinin payına düşür.
Məruzəçi vurguladı ki, Finlandiya dünyanın ən stabil və təhlükəsiz ölkəsi sayılır. Habelə gender bərabərliyi sahəsində dünyada ikinci yerdədir. Sosial inkişaf baxımından isə dünyanın ən qabaqcıl ölkələrindəndir. Finlandiya buna əsasən açıq cəmiyyət, innovasiya yönümlü və biliklərə, elmi nailiyyətlərin tədbiqinə əsaslanan iqtisadiyyat qurmaqla nail olub. Bu ölkədə orta və ali təhsil pulsuzdur, dövlət tərəfindən maliyyələşdirilir. Vergilər yüksək olsa da, narazılıq yoxdur. İşçilər, sahibkarlar və hökumət arasında yüksək qarşılıqlı etimad mühiti formalaşıb.
Matti Ylönen hesab edir ki, dövlət innovasiyalara, yeniliklərin tədbiqinə münbit şərait yaradan mühit formalaşdırmalıdır. Dövlətin yaratdığı belə mühit elmi tədqiqatların istehsalatda tədbiqinə, özəl sektorun innovativ inkişafına imkan və təkan verir.
Sonra mövzu ətrafında müzakirələr aparıldı, xüsusən də dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi ilə bağlı məsələlər geniş diskussiyalara səbəb oldu (economics.com.az).