Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın prezidenti Akif Əlizadə İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı ilə görüşüb

  • Oxunub 1824 dəfə

 Akademik Akif Əlizadə: “İqtisadiyyat İnstitutunda bir elmi ideya ətrafında vahid komandanın yaradılması, eyni ideyanı müxtəlif cəhətlərdən inkişaf etdirən tədqiqat qrupunun formalaşdırlması çox təqdirəlayiq haldır”

 Akademik İsa Həbibbəyli: “AMEA İqtisadiyyat İnstitutunun “siması” yaxşıya doğru çox dəyişib”

  Aprelin 26-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşını qəbul etdi. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də iştirak etdiyi görüşdə İnstitutun direktoru, professor Nazim Müzəffərli İnstitutun bir qrup əməkdaşının müəllifliyi ilə yeni çap olunmuş “İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabını AMEA prezidentinə təqdim etdi. Direktor bildirdi ki, dövlətin iqtisadiyyatı tənzimlənməsi səviyyəsinin ölçülməsi, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı İqtisadiyyat İnstitutunun bu monoqrafiyada əksini tapmış araşdırmaları innovativ xarakterlidir, ilk dəfə aparılr.

  Kitabın müəlliflərinin də iştirak etdiyi görüşdə akademik Akif Əlizadə və akademik İsa Həbibbəyli “İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı” monoqrafiyasını əhəmiyyətli tədqiqat əsəri kimi yüksək qiymətləndirdilər. Bu sahədə tədqiqatların davamlı olmasını məqsədəuyğun saydılar.

   AMEA prezidenti xüsusi vurğuladı ki, İqtisadiyyat İnstitutunda bir elmi ideya ətrafında vahid komandanın yaradılması, eyni ideyanı müxtəlif cəhətlərdən inkişaf etdirən tədqiqat qrupunun formalaşdırlması çox təqdirəlayiq haldır. Ümumiyyətlə, son illər İqtisadiyyat İnstitutunda araşdırılan yeni tədqiqat istiqamətləri böyük maraq kəsb edir. AMEA prezidenti İqtisadiyyat İnstitutunun müxtəlif dövlət proqramlarının ekspertizasında, hazırlanmasında və icrasında fəal iştirak etdiyini və bu yöndə görülən işləri daha da genişləndirməyin vacibliyini də dilə gətirdi.

  Akademik İ.Həbibbəyli isə diqqəti son illər İqtisadiyyat İnstitutunda aparılan struktur islahatlarına yönəltdi və qeyd etdi ki, bu islahatların təkamül yolu ilə getməsi, lazımsız “dalğalar” yaratmaması çox təqdirəlayiqdir. Onun finkrincə, bütövlükdə İnstitutun “siması” yaxşıya doğru çox dəyişib. O dedi ki, İS(S)İ ilə bağlı tədqiqatlar isə ilk-əvvəl bəzi iqtisadçılar tərəfindən müqavimətlə qarşılansa da, artıq getdikcə daha çox mütəxəssis bu araşdırmaların aktuallığını və innovativliyini qəbul edir.

 Görüşdə AMEA-da iqtisadiyyat sahəsində aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri, onların aktuallığı, tədqiqatların dərinləşdirilməsinin vacibliyi, gənclərin elmə cəlb olunması, elmlə biznesin vəhdəti, dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi, Azərbaycan iqtisad elminin üzərinə düşən yeni vəzifələr və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevlə görüş keçirildi.  “İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı” monoqrafiyasının capdan çıxması münasibətilə yaradıcı heyəti təbrik edən akademik bu sahədə aparılan tədqiqatlarla bağlı elmi seminar və konfransların keçirilməsini tövsiyyə etdi: “Kitabın xarici dillərə tərcümə olunaraq yayılması, xarici alimlərlə birgə müzakirələrin təşkili çox faydalı olardı. Bu tip yeni ideyalar adətən tez qəbul olunmur, bu da təbiidir. Ancaq tədqiqatlar dərinləşdikcə diqqəti cəlb edir, elmi içtimaiyyət arasında müzakirələrə səbəb olur”  (economics.com.az).