Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimat mərasimi keçirildi

  • Oxunub 1264 dəfə

 Aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA İqtisadiyyat İnstitutu tərəfindən hazırlanmış “İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı monoqrafiyanın təqdimat mərasimi keçirildi. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi katibi Elnur Sadıqov və İqtisadiyyat İnstitutunun əməkdaşları, KİV nümayəndələri iştirak edirdilər.

 İnstitutun elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva tədbiri açaraq təmsil etdiyi qurumun bir çox dövlət əhəmiyyətli sənədlərin, o cümlədən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanmasında yaxından iştirak etdiyini bildirdi. O, təqdimatı keçirilən kitabın aparıcı ideyasının iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimlənməsi arasındakı effektiv müvazinətin tapılması olduğunu söylədi. Kitabın müəlliflərini bir-bir təqdim edən elmi katib monoqrafiyanın həm fundamental, həm də tətbiqi araşdırmalar üçün önəmini vurguladı. 

 Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov çıxış edərək dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsinin ölçülməsi və dəyərləndirilməsi metodologiyasının ideya müəllifinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) olduğunu bildirdi. O vurguladı ki, AMEA İqtisadiyyat İnstitutu bu sahədə dünya iqtisad elminin diqqətini çəkə biləcək tədqiqatlar aparır. Çünki ideya tamamilə yenidir.

 A.Muradov aparılan araşdırmaların iqtisadi nəzəriyyədə ilk dəfə müxtəlif ölkələrin iqtisadiyyatlarını təsnifləşdirməyə və onların liberal, yaxud dirijist olduğunu müəyyənləşdirməyə imkan verdiyini söylədi: "Alınmış nəticələr hazırda dünya iqtisad nəzəriyyəsində hakim olan baxışlardan fərqlidir və daha dəqiqdir. Bizim tədqiqatlarda ölkələr “pis” və ya “yaxşı ölkə” prinsipi ilə deyil, sağçı və solçu siyasət aparmalarına görə düzülür. Bu yeni bir yanaşma, yeni məktəbdir və onun fndamental tədqiqat kimi AMEA İqtisadiyyat İnstitutunun məhsulu olaraq dünyaya təqdim olunması nəzərdə tutulur".

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı monoqrafiyanı fundamental tədqiqat əsəri, mötəbər nəşr kimi qiymətləndirdi. Qeyd etdi ki, professor Nazim Müzəffərlinin apardığı tədqiqatlarla tanışdır, o çoxdan dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsi problemləri ilə məşğul olur. Adam Smitdən bəri bu məsələ ətrafında müzakirələr gedir. İqtisadiyyatın sağlığı-solluğu ideyası isə mübahisəli mövzu olsa da, aktualdır. AMEA İqtisadiyyat İnstitutunun İS(S)İ sahəsində apardığı tədqiqatlar yenilikdir. Belə ideyalar adətən kiçik ölkələrdə yaranmır, böyük dövlətlərdə ortaya çıxır. Fərəhli haldır ki, belə fundamental nəzəriyyə Azərbaycanda yaranıb. Ona qarşı tənqidlərin olması isə təbiidir. Bu nəzəriyyənin özünə yer tutması üçün İqtisadiyyat İnstitutunda əhəmiyyətli elmi tədqiqatlar aparılır və bunun ölkəmiz və dövlətimiz üçün faydalı olacağına ümid etmək olar.

 Vüsal Qasımlı onu da xüsusilə vurguladı ki, AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanmasında yaxından iştirak ediblər və sənədin araya-ərsəyə gəlməsinə əhəmiyyətli töhfə veriblər.

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, dos. Mayis Gülalıyev Azərbaycanda prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə yeni bir iqtisadi məktəbin yaradıldığını, bu kitabın da həmin məktəbin məhsulu olduğunu bildirdi. O vurguladı ki, dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsini ölçən İS(S)İ yeni ideyadır, onun daha da inkişaf etdirilməsi əhəmiyyətlidir və faydalı olacaq. Monoqrafiya həmin ideyanın praktiki olaraq ilk təqdimatıdır. Artıq AMEA İqtisadiyyat İnstitutunda bu ideya ətrafında tədqiqatlar aparan bir qrup formalaşıb, gənclər də tədqiqatlara cəlb olunub.

 Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Məhiş Əhmədov, i.f.d. Aqil Əsədov və digərləri çıxış edərək kitabın Azərbaycan iqtisad elminin dünya iqtisad elminə verdiyi dəyərli töhfə olduğunu bildirdilər (economics.com.az).

Fotoqalereya (yüklə)

“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” (yüklə)