Professor Akif Musayev Yaxın Doğu Universitetinin Müdafiə Şurasına xarici ekspert kimi daxil edilib
- Oxunub 1300 dəfə
Gələcəkdə Yaxın Doğu Universiteti ilə AMEA İqtisadiyyat İnstitutunun birlikdə magistr və fəlsəfə doktoru hazırlığının təşkili üzrə müzakirələr aparılıb
AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev mayın 23-28-də Şimali Kipr Türk Cumhuriyətinin Yaxın Doğu Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. Prof. A.Musayev Yaxın Doğu Universitetində iki doktorantın iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi üzrə təşkil olunmuş Müdafiə Şurasına xarici ekspert kimi daxil edilib. Şurada doktorantlar - Rana Serdaroğlu “Çoxkriteriyalı marketinqin qarışıq məsələləri əsasında Z-xətti proqramlaşdırılması” və Pınar Shargi “Qismən etibarlı məlumatlar əsasında çoxtəyinatlı limanların seçim qərarı” adlı dissettasiya işlərini uğurla müdafiə ediblər.
27 min tələbəsi olan Yaxın Doğu Universitetində dünyanın bir çox ölkələrindən bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil verilir. Paytaxtdan 10 km aralıda yerləşən universitetin dünya standartlarına uyğun tələbə şəhərçiyi - kampusu, hətta ehtiyacı olan müəllim-professor heyəti üçün müasir yataqxanası, tibbi klinikası var. Burada Azərbaycandan olan tələbələr də təhsil alırlar, azərbaycanlı müəllimlər işləyirlər. Həmyerlimiz, professor Fəxrəddin Sadıqoğlu universitetin vitse-prezidentidir.
Professor Akif Musayev Yaxın Doğu Universitetində “Vergi sahəsində aparılan islahatların vergi daxilolmalarına təsirinin qiymətləndirilməsi” adlı təqdimatla çıxış edib. O, bu ali məktəbin rəhbərliyi ilə müxtəlif görüşlər də keçirib. Gələcəkdə Yaxın Doğu Universiteti ilə AMEA İqtisadiyyat İnstitutunun birlikdə magistr və fəlsəfə doktoru hazırlığının təşkili üzrə müzakirələr aparılıb və ilkin razılıq əldə olunub. Şimali Kiprin Girna Universiteti isə prof. Akif Musayevə daimi əsaslarla universitetin professoru olmasını və “Maliyyə və bank işi” departamentinə rəhbərlik etməsini təklif edib (economics.com.az).