Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib
- Oxunub 1242 dəfə
Alim dünya elminin inkişafına verdiyi töhfələrə görə “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb
AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü, akademik seçilib. Bu barədə qərar 30 may – 2 iyun tarixlərində bir çox xarici ölkələrdən də alimlərin qatıldığı, 300-dək nümayəndənin iştirakı ilə Moskvada keçirilən Rusiya TEA-nın illik yığıncağında qəbul olunub.
Həmin yığıncaqda Avropa Elmi-Sənaye Konsorsiumu ilə birlikdə Rusiya TEA-nın təsisçiliyi ilə prof. Tərbiz Əliyev dünya elminin inkişafına verdiyi töhfələrə görə “Əməkdar elm və təhsil xadimi” fəxri adına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb. O ilk azərbaycanlı iqtisadçı-alim kimi bütün qeyd olunan medallarla təltif olunub. T.Əliyev həm də Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı almış ilk Azərbaycan alimidir.
İyun ayının əvvəlində Moskvada keçirilən tədris-metodiki əsərlərin təqdimatına həsr edilmiş beynəlxalq sərgidə T.Əliyevin “Marketinq” adlı dərs vəsaiti, “Azərbaycanda sənayenin innovativ inkişafı” və “Neft-qaz avadanlıqları istehsal edən xarici ölkələrlə iqtisadi əməkdaşlıq” monoqrafiyaları müvafiq sertifikatlara və beynəlxalq sərginin laureatı diplomuna layiq görülüb. Alim Rusiyaya bu səfəri çərçivəsində beynəlxalq konfransda “Azərbaycanda müştərək sahibkarlığın təşkili” mövzusunda çıxışına görə də müvafiq sertifikat alıb (economics.com.az).