Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyevin yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

  • Oxunub 1192 dəfə

 İyunun 9-da AMEA-da İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyevin anadan olmasının 70, elmi-pedoqoji fəaliyyətinin 45 illiyinə həsr olunan elmi sessiya keçirilib.

 Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli uzun illər bu elmi müəssisədə çalışmış görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərindən danışıb. Bildirib ki, T.Əliyev Beynəlxalq İnformasiyalaşdırma, Eko-Energetika, Rusiya Təbiət Elmləri və Ukrayna Texnologiya akademiyalarının həqiqi üzvüdür. O, Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı alan ilk Azərbaycan alimidir. O, yubilyarı təbrik edib, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

 Elmi sessiyada AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Müasir iqtisad elminin fədakar tədqiqatçısı”, iqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərovun “Professor Tərbiz Əliyevin elmi-pedaqoji fəaliyyəti haqqında” və iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədovun “Professor Tərbiz Əliyevin elmi-istehsalat fəaliyyəti haqqında” mövzusunda məruzələri dinlənilib.

 Məruzələrdə bildirilib ki, iqtisadçı alim neft-kimya müəssisələrinin idarə edilməsi sahəsində əhəmiyyətli tədqiqatlar aparıb, çoxpilləli idarəetmə sistemindən daha rasional sistemə keçilməsinin texniki-iqtisadi əsaslarını hazırlayıb. T.Əliyev həmçinin iqtisadi informasiyaların həcminin idarəetmə funksiyaları üzrə təyin edilməsinin riyazi modelini, idarəetmənin təşkilinin sosial səmərəliliyinin müəyyən edilməsi metodikasını, məqsədli sistem yanaşılması əsasında neft emalı və neft-kimya sənayesi müəssisələrinin mövcud idarəetmə sisteminin səmərəliliyinin kompleks qiymətləndirilməsi metodikasını işləyib hazırlayıb. Alim iqtisadiyyatın müxtəlif sahələrinə aid 260 elmi əsərin, o cümlədən monoqrafiya, kitabça və məqalələr toplusunun müəllifidir. Onun rəhbərliyi ilə 38 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb. Elmi fəaliyyətini bu gün də yorulmadan davam etdirən iqtisadçı-alim beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir.

 Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü Akif Musayev və başqaları Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətləri olmuş T.Əliyevin çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, alimi yubileyi münasibətilə təbrik ediblər. Natiqlər bildiriblər ki, T.Əliyevin elmi fəaliyyəti sayəsində ölkədə iqtisad elminin bir sıra aparıcı istiqamətləri formalaşmış və inkişaf etmişdir. O, respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi şöhrət qazanıb.

 Sonda yubilyar çıxış edərək ona göstərilən yüksək hörmət və ehtirama görə təşəkkürünü bildirib (economics.com.az).