Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru AMEA İqtisadiyyat İnstitutunda
- Oxunub 911 dəfə
İyunun 15-də Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Changhonqun rəhbərliyi altında bir qrup nümayəndə heyəti AMEA İqtisadiyyat İnstitutunda oldu. AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə keçirilən görüşdə iki ölkənin elmi institutları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, layihələrin işlənilməsi və s. məsələlər müzakirə edildi.
Prof. Pei qeyd etdi ki, iki ölkənin Elmlər Akademiyaları, onların elmi-tədqiqat institutları arasında yaxşı əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlıq getdikcə daha da möhkəmlənir. Bu onun Bakıya ikinci səfəridir. Ötən il isə prof. N.Müzəffərli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda məruzə ilə çıxış edib.
Bu görüş çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, dos. Mayis Gülalıyev “Çin iqtisadiyyatında modelyaradıcı dövlət müdaxiləsinin makroiqtisadi təsirləri” mövzusunda məruzə etdi. Çin iqtisadiyyatında baş verən iqtisadi proseslərin təhlilinə həsr olunmuş məruzə maraqla qarşılandı və mövzu ətrafında müzakirələr aparıldı (economics.com.az).