Çinli professor Pei Changhonq AMEA İqtisadiyyat İnstitutunda məruzə etdi
- Oxunub 1031 dəfə
Professor Pei Changhonq: “Dünya iqtisadiyyatı qloballaşmaya və liberallaşmaya doğru getməlidir”
İyunun 15-də AMEA İqtisadiyyat İnstitutunda Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Changhonqla görüş keçirildi. İnstitutun əməkdaşlarının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin alimlərinin də iştirakı ilə baş tutan tədbirdə İnstitutun direktoru, prof. Nazim Müzəffərli qonağı təqdim etdi.
Sonra professor Pei Changhonq “Çinin müasir iqtisadi vəziyyəti: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə etdi. O, məruzəsində Çin iqtisadiyyatının müasir inkişaf səviyyəsindən, ölkəsində həyata keçirilən iqtisadi siyasətdən danışdı. Bildirdi ki, Çin o qədər inkişaf edib ki, hətta xarici ölkələrdə sərmayələr yatırır. Təkcə 2016-cı ildə Çin xaricdə 170 milyard dollar investisiya qoyub. Onun hazırda xaricdəki investisiyalarının həcmi 1 trilyon dollardır. Çin bu sahədə dünyada üçüncüdür. Ölkənin xaricdəki sərmayələrinin 60%-i özəl sektorun payına düşür. Çin hökuməti yerli şirkətləri xaricdə sərmayə yatırmağa həvəsləndirir.
Professor Pei Changhonq vurguladı ki, Çin dünya iqtisadiyyatında qloballaşmanın və tam liberallaşmanın, azad ticarətin tərəfdarıdır: “Dünya iqtisadiyyatı qloballaşmaya və liberallaşmaya doğru getməlidir”. Bu ölkənin iqtisadiyyatında əsas prioritet istiqamət yüksək texnoloji məhsulların istehsalı və biznes innovasiyalarının inkişafıdır. Çin daha çox qonşu ölkələrlə iqtisadi əlaqələri genişləndirməyə üstünlük verir. Bununla yanaşı, Çin Azərbaycanla da iqtisadi əlaqələri böyüdə, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edə, sərmayə yatıra bilər. Bunun üçün İqtisadiyyat İnstitutlarının iqtisadçı alimləri iki ölkə arasında hansı sahələrdə səmərəli əməkdaşlıq imkanları olduğunu araşdırmalı və bu barədə təkliflərini hökumətə təqdim etməlidir.
Müxtəlif illərdə 11 dəfə Çində səfərdə olduğunu, bu ölkə ilə bağlı kitablar yazdığını bildirən akademik Ziyad Səmədzadə çıxışında Çin iqtisadiyyatında baş verən proseslər, aparılan iqtisadi siyasətin əsas mahiyyəti barədə danışdı. Akademik Çinin yaxşı təcrübəsinin öyrənilməsinin və Azərbaycanda tədbiqinin zəruriliyini qeyd etdi. Xüsusən qədim ipək yolunun mərkəzində yerləşən Azərbaycanın Çin üçün də dəmir yolu daşımaları vasitəsilə Avropa bazarına çıxmaq baxımından əhəmiyyətli ölkə olduğunu vurğuladı.
Sonra məruzə ətrafında geniş diskussiya aparıldı. Prof. P.Changhonq Çin iqtisadiyyatı ilə bağlı ona ünvanlanan çoxsaylı sualları çavablandırdı. Sonda Prof. N.Müzəffərli prof. P.Changhonqa AMEA İqtisadiyyat İnstitutunun xüsusi xatirə diplomunu təqdim etdi (economics.com.az).
Fotoqalereya (yüklə)