“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans
- Oxunub 1160 dəfə
Tədbirdə professor Nazim Müzəffərli “Liberal iqtisadi islahatlar və innovativ inkişaf: asılılıqlar” mövzusunda təqdimatla çıxış edib
İyunun 16-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirildi. Məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimayyətin diqqətinə çatdırmaq, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək idi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki qurum arasındakı əməkdaşlıqdan danışıb. Bildirib ki, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, eləcə də bu istiqamətdə münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik innovasiyaların və yeni texnologiyaların istehsalatda tədbiqi və bunun qeyri-neft sektorunun inkişafındakı əhəmiyyətini, elmlə biznesin səmərəli əməkdaşlığının və elmi nəticələrin biznesdə tədbiqinin vacibliyini vurğulayıb.
İİTKM-nin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu istiqamətində həyata keçirilən islahatlardan söz açıb. O, ölkədə istehsalçı müəssisələrin məhz qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşdıqdan sonra rəqabət qabiliyyətini yüksəldə biləcəyini vurğulayıb.
Konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli “Liberal iqtisadi islahatlar və innovativ inkişaf: asılılıqlar” mövzusunda təqdimatla çıxış edib. Professor müxtəlif iqtisadi proseslər arasındakı əlaqədən və asılılıqlardan danışıb. Qeyd edib ki, “Yol xəritəsi” islahatlarının liberal mahiyyətinə əsasən, dövlət sektoru ilə özəl sektor arasındakı nisbət ikincinin xeyrinə dəyişəcək; müəssisələrin vergi yükü yüngülləşdiriləcək; biznes mühiti yaxşılaşdırılacaq; xarici iqtisadi interaksiyalar sadələşdiriləcək; xarici investorlar üçün daha əlverişli şərait yaradılacaq; monetar tənzimləmə «üzən məzənnə» siyasətinə əsaslanacaq. Bütün bu dəyişikliklər dövlətin iqtisadiyyata müdaxiləsini azaltmağa yönəlib. Nəzərdə tutulan bu islahatlar sağçı-liberal səciyyə daşıyır.
Prof. N.Müzəffərli Azərbaycan iqtisadiyyatının liberallığı səviyyəsi, dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsi, elm, təhsil və informasiya sistemlərinin özlərini liberallaşdırmaqda faydası, liberallaşma və iqtisadi inkişaf arasındakı asılılıq, elmi fəaliyyətin liberallığı, biliyin inkişafi sisteminin solluğu (sağlığı) indeksi və s. barədə danışıb. Alimin fikrincə, iqtisadiyyatın ümumi liberallıq səviyyəsi ilə bilik sisteminin liberallıq səviyyəsi üst-üstə düşmür, yəni daha liberal iqtisadiyyatda biliyin inkişafına dövlət müdaxiləsi güclü, daha dirijist iqtisadiyyatda zəif ola bilər. İqtisadiyyatda dövlət tənzimləməsi ilə bazar özünütənzimləməsi arasındakı ümumi nisbətdən asılı olmayaraq, hər hansı bir ölkənin bilik iqtisadiyyatı quruculuğunda uğur qazana bilməsindən ötrü bu quruculuqda birbaşa iştirak edən sahələrin hamısında liberallıq inzibati tənzimləməni üstələməlidir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, i.e.d. Ədalət Muradov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vuqar Babayev və digərləri çıxış edərək Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiyanın inkişafına diqqətin artırılmasının vacibliyini qeyd ediblər. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət töhfəsini verdiyi qeyd edilib (economics.com.az).
Prof. N.Müzəffərlinin konfransdakı təqdimatı ilə aşağıdakı linki yükləməklə tanış olmaq olar