Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək
- Oxunub 1283 dəfə
Tədbirlər çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” adlı kollektiv monoqrafiyanın çapı da nəzərdə tutulur
İyulun 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında” 16 may 2017-i il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin bununla bağlı müvafiq qərarının icrası ilə əlaqədar tədbirlər planı müzakirə edildi. Planlaşdırılan tədbirlər barəsində İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov məlumat verdi. Elmi Şura tərəfindən də təsdiqlənən plana əsasən AXC-nin 100 illik yubileyi ilə əlaqədar 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” mövzusunda konfransın keçirilməsi (aprel ayında), “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadiyyatı” mövzusunda elmi məqalələrin hazırlanması və nəşr olunması (il boyu), AXC-nin fəaliyyəti ilə bağlı KİV-də yazıların verilməsi (il boyu), “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” adlı kollektiv monoqrafiyanın çap etdirilməsi, İnstitutun “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının xüsusi bir buraxılışının AXC-yə həsr olunması nəzərdə tutulur.
İclasda İnstitutun aparıcı elmi işçiləri – i.f.d. Mahir Zeynalovun və i.f.d. Ramil Əliyevin iyunun 8-9-da Qırğızstanda keçirilən “Avrasiya İqtisadi İttifaqı ölkələrinin inteqrasiyalı inkişafı imkanları - tədqiqatçıların və ekspertlərin dialoqu" adlı konfransda iştirakı, onların məruzələri və müzakirə edilən əsas mövzular haqqında məlumat verildi.
Toplantıda İnstitutun müxtəlif sahələr üzrə illik bülletenlərinin hazırlanması və çapı məsələləri müzakirə olundu. Bu barədə bülletenlərə məsul şəxs kimi i.f.d. Məzəddin Əyyubov danışdı.
Elmi Şurada İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov doktorant və dissertantların attestasiyası barədə də məlumat verdi, attestasiyanın nəticələri təsdiqləndi.
İclasda digər təşkilati və cari məsələlər də müzakirə olundu (economics.com.az).