“İqtisadi inkişaf: tipoloji səciyyə və milli identifikasiya”
- Oxunub 1300 dəfə
16 mart 2015-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında İnstitutunun “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Hacıağa Rüstəmbəyov “İqtisadi inkişaf: tipoloji səciyyə və milli identifikasiya” mövzusunda məruzə etmişdir.
H.Rüstəmbəyov dünya təcrübəsi əsasında ayrı-ayrı ölkələrin inkişafında coğrafi amillərin, insan faktorunun, təbii ehtiyatların rolu haqqında müqayisəli təhlillər vermişdir. Hər bir ölkənin inkişafına təsir edən başlıca amillər sadalanmışdır. Almaniyanın (almanların), Yaponiyanın (yaponların) timsalında inkişaf etmiş ölkələrdə təkcə iqtisadi potensialın deyil, həm də daha çox insan amilinin böyük rol oynadığı konkret rəqəmlərlə əsaslandırılmışdır. Məruzəçi iqtisadi inkişafda insan amilinin daha mühüm faktor olduğunu isbat etməyə çalışmışdır.
H.Rüstəmbəyov qeyd etmişdir ki, dünya ölkələri arasında inkişaf fərqi insan kapitalı, maddiyyat, mentalitet, din, təbii resurslar və coğrafi mövqeləri ilə bağlıdır. Azərbaycanlıların mentaliteti bazar münasibətləri sisteminə daha uyğundur, onların 70%-i öz biznesini qurmaq istəyir. Amma Azərbaycanda çatışmayan cəhət ölkəmizdə qiymətli kağızlar, səhm bazarının arzu edilən səviyyədə formalaşmamasıdır. Səhm bazarını aktivləşdirməklə, insanları bu bazara cəlb etməklə həmin sahəni canlandırmaq, inkişaf etdirmək olar.
Sonda müzakirələr suallar və çıxışlar ətrafında davam etdirilmişdir.