Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edildi

  • Oxunub 1487 dəfə

       Aprelin 28-də AMEA İqtisadiyyat İnstitutunda 2015-ci ilin ilk Elmi Seminarı keçirildi. AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işlərinin müzakirələri aparıldı.

  İlk əvvəl birinci iddiaçı Heydərov Xanlar Bəylər oğlu “Aqrar sahədə sosial-iqtisadi idarəetmənin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi. İş üzrə təyin olunmuş rəyçilər i.e.d., professor Ramil Əliyev və i.f.d. Yaşar Məmmədov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər.

   Seminarda çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov) elmi seminarların keçirilməsi qaydalarındakı yeniliklər, dissertasiya işləri qarşısında qoyulan müasir tələblər barədə danışdı. Habelə Xanlar Heydərovun dissertasiya işi ilə bağlı, xüsusən də elmi yeniliklərin məzmunu üzrə konkret iradlarını söylədi.

    Seminarda digər çıxış edənlər - i.f.d. A.Muradov, i.f.d. A.Əsədov, f.e.n. M.Gülalıyev, professorlar İ.Kərimov, R.İsgəndərov və Ə.Nuriyev tədqiqat işi ilə bağlı öz mülahizələrini, fikirlərini ifadə etdilər. Xüsusən də tədqiqat işində qarşıya qoyulan məqsəd və əldə olunan nəticələr, elmi yeniliklərin məzmunu, aqrar sektorun idarə edilməsi ilə tənzimlənməsi anlayışları arasındakı prinsipial fərqlər və s. kimi məsələlər daha çox müzakirələrə səbəb oldu. Sonra iddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, bir sıra iradlarla razılaşdığını və növbəti mərhələyədək onları nəzərə alacağını, işin üzərində işləyəcəyini vurğuladı. Seminar üzvləri açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə işi növbəti - müdafiyə mərhələsinə tövsiyyə etdilər.

  İkinci iddiaçı, Türkiyə vətəndaşı Mutlu Hüseyin Baloğlu “Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin Türkiyənin sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqatın əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı. İş üzrə təyin olunmuş rəyçilər f.e.n. Mayis Gülalıyev, i.f.d. Ələsgər Sarıyev və i.f.d. Ramil Əliyev çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun dövrümüz üçün çox aktual olduğunu vurğulamaqla yanaşı, irad və təkliflərini səsləndirdilər. Sonra iddiaçı suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını və nöqsanları aradan qaldıracağını bildirdi. Sonda Mutlu Hüseyin Baloğlunun da dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).