AMEA İQTİSADİYYAT İNSTİTUTUNUN 2014-CÜ İLDƏKİ ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
- Oxunub 1250 dəfə
2014-cü ildə İnstitut “Azərbaycan Respublikasının davamlı inkişafının təmin edilməsinin sosial-iqtisadi problemləri” elmi-tədqiqat işinin birinci mərhələsini yerinə yetirmişdir. Bu tədqiqat 2014-2016-cı illər üçün nəzərdə tutulmuşdur və 4 problem (12 mövzu) üzrə araşdırmaları əhatə edir.
2014-cü ildə İnstitutun əməkdaşları 258 elmi əsər (4 kitab, 254 məqalə), o cümlədən xarici ölkələrdə 94 məqalə, (8-i İmpakt-faktorlu jurnallarda olmaqla) dərc etdirmişlər. İnstitutun 80 əməkdaşı (4-ü xaricdə) müxtəlif forum, konfrans, seminar və simpoziumlarda iştirak etmişdir. İl ərzində İnstitutda iki yubiley konfransı keçirilmişdir.
İnstitut “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, yoxsulluğun azaldılması və davamlı inkişaf, elmin inkişafı, məşğulluq strategiyasının həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, rəsmi statistikanın inkişafı ilə bağlı Dövlət Proqramlarının və başqa dövlət əhəmiyyətli proqramların icrasında yaxından iştirak edir.
2014-cü ildən etibarən İnstutut İqtisadiyyatın solluğu (sağlığı) İndeksi – İS(S)İ üzrə tədqiqat aparır. Bu İndeks, dünyanın müxtəlif ölkələrində iqtisadiyyatın dövlət tənzimləməsi səviyyəsinin müqayisəli təhlilinə həsr olunmuş illik məruzələrin tərkib hissəsidir. Birinci mərhələdə İS(S)İ Şərqi Avropa – Mərkəzi Asiya ölkələri və bəzi inkişaf etmiş dövlətlər üçün (cəmi 37 ölkə) hesablanmışdır. Hər bir ölkə üçün İS(S)İ, hərəsi bir sıra alt-indekslər əsasında ölçülən yeddi sub-indeks əsasında hesablanır. Yaxın illərdə tədqiqata cəlb edilən ölkələrin siyahısını genişləndirmək və tədqiqatları beynəlxalq ekspert icmasının müzakirəsinə çıxarmaq planlaşdırılır.
İnstitutda elmi yaradıcılıq mühitinin inkişafı istiqamətində bir sıra mühüm yeniliklər həyata keçirilmiş, “Kreativ iqtisadiyyat” Diskussiya Klubu, “Dokrorantlar Klubu”, “Gənc Alimlər Klubu” kimi elmi mühakimə “meydança”ları yaradılmışdır. Həm bu klublarda, həm də İnstitutun Elmi Şurasında ölkənin tanınmış alimləri, müntəzəm olaraq, iqtisadiyyatın aktual nəzəri və tətbiqi məsələləri üzrə məruzələrlə çıxış edirlər.
İnstitutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası yenidən təşkil olunmuş və elmlər doktoru elmi dərəcəsi vermək hüququ əldə etmişdir. Dissertasiya və avtoreferatların tərtib olunma qaydaları təkmilləşdirilmişdir. Dissertasiyaların keyfiyyətini yüksəltmək məqsədilə «Dissertasiya işlərinin ilkin (şöbə) müzakirəsinin qaydaları», «Elmi Seminarın keçirilməsi qaydaları» təsdiq edilmişdir. Bu sənədlər AMEA rəhbərliyi tərəfindən təqdir edilərək Akademiyanın digər elmi müəssisələrinə də tövsiyə edilmişdir.
“Şəki-Zaqatala iqtisadi rayonunun 2014-2020-ci illər üçün davamli inkişaf proqrami” və “Azərbaycan respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı” layihələri üzrə tədqiqatlar başa çatdırılmışdır. “Pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsində qeyri-dövlət pensiya təminatının rolunun artırılması üzrə təklif və tövsiyələr” hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunmuşdur.
İnstitutun yaradıcı kollektivi, tədqiqatları və yaxın illər üçün planları ilə onun yeni İnternet saytında (www.economics.com.az) daha ətraflı tanış olmaq mümkündür.