Akademik Vladimer Papavaya AMEA İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" diplomu təqdim olundu
- Oxunub 1557 dəfə
İndiyə kimi formalaşmış ənənələrdən fərqli olaraq alimə mantiya əvəzinə, milli papaq hədiyyə edildi
Fevralın 23-də AMEA-da Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) həqiqi üzvü, akademik Vladimir Papavaya AMEA İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" diplomunun təqdimetmə mərasimi keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, tanınmış iqtisadçı alimlər və KİV nümayəndələri iştirak edirdilər.
V.Papavanın həyat və elmi fəaliyyəti barədə məlumat verən AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli bildirdi ki, V.Papava 1955-ci ildə Tbilisidə anadan olub, 1977-ci ildə GMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1982-ci ildə iqtisad üzrə elmlər namizədi, 1989-cu ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 1997-ci ildə GMEA-nın müxbir üzvü, 2013-cü ildə isə akademiki seçilib. 1994-2000-ci illərdə Gürcüstanın iqtisadiyyat naziri işləyib, 2004-2008-ci illərdə parlamentin deputatı seçilib, 2013-2016-cı illərdə Tbilisi Dövlət Universitetinin rektoru olub. 343 məqalə, monoqrafiya və dərsliyin müəllifi olan V.Papava hazırda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda, həmçinin İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində fəaliyyət göstərir.
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının 19 dekabr 2017-ci il tarixli qərarı ilə V.Papava institutun "Fəxri doktoru" adına layiq görülüb. Prof. N.Müzəffərli "Fəxri doktor" diplomunu və hədiyyəni alimə təqdim etdi. Ən yadda qalan nüanslardan biri fəxri doktor adının verilməsi mərasimində indiyə kimi formalaşmış ənənələrdən fərqli olaraq, V.Papavaya mantiya əvəzinə, Azərbaycan milli papağının hədiyyə edilməsi oldu.
Tədbirdə akademik Ziyad Səmədzadə çıxış edərək V.Papavanın beynəlxalq aləmdə tanınmış iqtisadçı alim, ziyalı və Azərbaycan xalqının dostu olduğunu bildirdi: “V.Papavanın zəngin ənənələri olan AMEA İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" olması bizə şərəf gətirəcək”.
Sonra çıxış edən V.Papava mükafata görə İnstitutun rəhbərliyinə təşəkkür etdi, Azərbaycanın tanınmış iqtisadçı alimləri ilə dostluq etdiyini bildirdi. Alim xüsusən də hədiyyə olunan papağın onun üçün çox böyük anlam daşıdığını vurğuladı. Yaxşı olardı ki, digər təşkilatlarda da fəxri doktor adı verilərkən mantiya əvəzinə milli papaq hədiyyə olunması ənənəsindən istifadə edilsin.
Akademik V.Papava "Gürcüstan iqtisadiyyatı institusional tələlərdə" mövzusunda geniş məruzə ilə çıxış etdi. Gürcüstanın timsalında institusional tələlərin mahiyyəti, əsas xüsusuiyyətləri və nəticələri, qonşu ölkənin iqtisadiyyatının özəllikləri, hökumətin qərarlarının biznesə təsiri, Qafqaz regionunda baş verən siyasi və iqtisadi proseslər barədə danışdı. Sonra ona ünvanlanan sualları cavablandırdı və maraqlı müzakirələr aparıldı (economics.com.az).
Akademik Vladimer Papavaya AMEA İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" diplomunun təqdimat mərasimi KİV-də geniş işıqlandırılıb
Azərbaycan Televiziyası (AzTV): Akademik Vladimir Papavaya AMEA İqtisadiyyat İnstitutunun Fəxri doktoru diplomu təqdim olundu https://www.youtube.com/watch?v=EYdTBWkczfw
İctimai Televiziya (İTV): Gürcüstanlı alimə İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim olundu https://www.youtube.com/watch?v=lcZLAdt9Gk4
www.science.gov.az Gürcüstanlı akademik AMEA İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" seçilib
Azertag.az Gürcüstanlı alimə İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim olunub