İqtisadiyyat İnstitutunda akademik-katib Nərgiz Axundova ilə görüş keçirildi
- Oxunub 1542 dəfə
Mayın 15-də AMEA İqtisadiyyat İnstitutunda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Nərgiz Axundova ilə İnstitutun bir qrup mütəxəssisi arasında işgüzar görüş keçirildi.
Görüşdə həmçinin AMEA-nın müxbir üzvü Akif Musayev, AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov da iştirak etdilər.
İnstitutun direktoru, professor N.Müzəffərli dövlətin iqtisadiyyata müdaxiləsinin sosial-iqtisadi inkişafa təsirlərini qiymətləndirməyə imkan verən yeni metodologiya və bu metodologiya əsasında hazırlanan “İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi” haqqında geniş məlumat verdi. İnstututda bir qrup ekspert bu indeksdən istifadə etməklə 37 ölkənin iqtisadiyyatını sağlıq-solluq dərəcəsinə görə təsnifləşdirmişdir. Ölkələrarası müqayisələr sahəsindəki digər tədqiqatlardan fərqli olaraq, bu İndeks hansısa ölkənin başqalarına nisbətən daha üstün və ya zəif (“yaxşı” və ya “pis”) olmasını deyil, hansı iqtisadi siyasətə üstünlük verilməli olduğunu müəyyənləşdirməyə imkan verir. Ekspert qrupunun üzvləri A.Muradov, R.Abdullayeva, M.Gülalıyev, E.Məmmədzadə, F.Musayeva və R.Əfəndiyev ideyanın mahiyyəti və iqtisadiyyat üzrə nəzəri və tətbiqi tədqiqatlar qarşısında açdığı yeni imkanlar haqqında, müvafiq araşdırmaların davam etdirilməsi üçün AMEA rəhbərliyindən istənilən və gözlənilən dəstək barəsində fikirlərini paylaşdılar.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə akademik-katib Nərgiz Axundova ideyanı bəyəndiyini və onun gerçəkləşdirilməsi üçün İnstituta kömək göstəriləcəyini vurguladı. Sonda qonaqlara professor Nazim Müzəffərlinin “İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” kitabı təqdim olundu (economics.com.az).