Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Azərbaycanın xarici iqtisadi əlaqaləri: nailiyyətlər və perspektivlər"

  • Oxunub 1583 dəfə

   AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

  Mayın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın müxbir üzvü, mərhum Ağasəlim Ələsgərovun anadan olmasının 87-ci ildönümü münasibəti ilə onun ümumi redaktəsi ilə nəşr olunan "Azərbaycanın xarici iqtisadi əlaqaləri: nailiyyətlər və perspektivlər" adlı kitabının təqdimatı keçirildi. Mayın 22-si həm də onun ad günü idi. Respublikanın tanınmış iqtisadçı alimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) A.Ələsgərovun həyatı və elmi fəaliyyəti, institutun bir qrup əməkdaşının onun xatirəsinə ehtiram əlaməti olaraq capa hazırladıqları kitab haqqında ətraflı məlumat verdi. Kitab i.e.d., prof. A.M.Məhərrəmov, i.f.d. F.Ə.Qənbərov və f.f.d. M.G.Güləliyevin redaktorluğu ilə kollektiv müəlliflər tərəfindən yazılıb.

  Tədbirdə A.Ələsgərovun elmi fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

    Kitabın ərsəyə gəlməsi barədə məlumat verən f.e.n. Mayis Güləliyev bildirdi ki, kitab hələ iki il əvvəl cap oluna bilərdi. Amma müəllif kollektivinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor A.Ələsgərovun elmi əsərlərə ciddi tələbkarlıqla və dəqiqliklə yanaşması onun nəşrini xeyli ləngitdi. O çalışırdı ki, kitab çox təkmil olsun. Kitabdakı hər bir fəslin hər bir bəndi müzakirə olunub. Kitab nəşrə hazırlananda Ağasəlim müəllim artıq həyatda yox idi. Bu səbəbdən müəllif kollektivi sonrakı mərhələdə də kitabın çapına çox məsuliyyətlə yanaşıb.

 Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Şahbaz Muradov böyük zəhmət çəkib kitabı araya-ərsəyə gətirənlərə və onun belə gözəl təqdimatının təşkilinə görə İqtisadiyyat İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirdi. O, Ağasəlim müəllim haqqında xatirələrini danışdı, onunla hələ gənc yaşlarından bir yerdə işlədiklərini, xeyirxah, çox samballı, dünya görüşlü bir alim olduğunu qeyd etdi.

  Akademik Ziyad Səmədzadə kitabın çapını çox gözəl təşəbbüs kimi dəyərləndirdi. O, A.Ələsgərovun Azərbaycan iqtisad elminin inkişafındakı xidmətlərindən, elmi fəaliyyətindən, vaxtilə apardığı tədqiqatların bu gün də aktual olmasından, Azərbaycanın xarici iqtisadi əlaqələrinin elmi baxımdan tədqiq olunmasındakı əməyindən danışdı. Akademik belə kitabların təqdimatının Azərbaycan elmi, gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurguladı: “Kitabda Azərbaycanın milli maraqları öz əksini tapıb”.

  AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova Akademiyanın institutlarında gedən proseslərin, görülən işlərin İctimai Elmlər Bölməsinin diqqət mərkəzində olduğunu, belə geniş tədbirlərin təşkilinin və kitabların çapının elmimiz üçün əhəmiyyətini xüsusi qeyd etmişdir.

  Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Tofiq Quliyev, i.f.d. Fuad Qənbərov mərhum Ağasəlim Ələsgərovun həyat yolundan, elmi fəaliyyətindən geniş danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. A.Ələsgərov çox zəhmətkeş, savadlı, parlaq zəkaya malik, yüksək iqtisadi təfəkkürlü alim, xeyirxah, məsuliyyətli, tələbkar, yaradıcı bir insan kimi xarakterizə olunmuşdur. Çıxışlarda onun Azərbaycan iqtisad elminin inkişafındakı xidmətləri, vaxtilə apardığı tədqiqatların aktuallığı, elmi fəaliyyətinin gənc alimlər üçün də yaxşı nümunə olması xüsusilə qeyd edilmişdir. 

   Azərbaycanın tanınmış iqtisadçı alimləri onlara təqdim olunan "Azərbaycanın xarici iqtisadi əlaqaləri: nailiyyətlər və perspektivlər" kitabını çox yüksək qiymətləndirdilər.

  Sonda A.Ələsgərovun qızı Aygün Ələsgərova atasının xatirəsinin belə yüksək səviyyədə anılmasına və xatirəsinə həsr olunmuş kitabın çapına görə AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirdi (economics.com.az).