“İqtisadi qanunvericiliyin inkişaf problemləri”
- Oxunub 1340 dəfə
Elmi sessiyada Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin bu mövzuda çıxışı ətrafında müzakirələr aparıldı
İyulun 3-də AMEA İqtisadiyyat İnstitutunda “İqtisadi qanunvericiliyin inkişaf problemləri” mövzusunda elmi sessiya keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) elmi sessiyanın əsas məruzəçisini - Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevi geniş təqdimatla toplantı iştirakçılarına təqdim etdi. Qeyd edək ki, tədbirə İnstitutun əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Kooperasiya Universiteti və s. qurumlardan da qonaqlar qatılmışdılar.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxışı zamanı Azərbaycanda müstəqillik illərində qanunvericilik sahəsində görülən işlərdən, mövcud qanunvericilik bazasından danışdı. Son 24 ildə iqtisadi sahədə 153 qanunun qəbul edildiyini, ümumiyyətlə iqtisadiyyatla bağlı qanunlara 1000-dən artıq dəyişikliklərin olunduğunu vurguladı. Hazırda iqtisadiyyatla bağlı qüvvədə 11 məcəllənin – Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, Əmək Məcəlləsi, Torpaq, Meşə, Su Məcəllələri, Mülkü Məcəllə və s. olduğunu söyləyən məruzəçi onların hər birinin başlıca xüsusiyyətlərindən söz açdı. Xüsusən də Mülkü Məcəllə barəsində geniş şərh verildi. Yeni qanunlara gəldikdə isə S.Mirzəyev qeyd etdi ki, hazırda “Rəqabət Məcəlləsi” qanunverici orqanda müzakirələr səviyyəsindədir. Son vaxtlar maliyyə-bank sektorunda baş verən proseslərlə əlaqədar mütəxəssislərin iştirakı ilə “Bank Məcəlləsi”nin də hazırlanması nəzərdə tutulur.
Sonra suallar ətrafında müzakirələr aparıldı. Suallara cavabında Səfa Mirzəyev bildirdi ki, qəbul edilən qanunların 70-75%-i ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunur, yerdə qalanı isə Milli Məclisdə hazırlanır. Qanunların keyfiyyəti isə onun həmin sahəni yaxşı bilən mütəxəssislərin iştirakı ilə yazılmasından da asılıdır. Bu baxımdan o, qanun yaradıcılığında AMEA alimləri ilə qanunverici orqanın əməkdaşlığının vacibliyini qeyd etdi. Xüsusən də iqtisadi qanunların hazırlanmasında iqtisadiyyatı və hüququ yüksək səviyyədə bilən peşəkarlara ehtiyacın olduğunu vurğuladı: “İqtisadiyyatla hüquq elminin sıx əlaqəsi var, bir-biriylə bağlıdılar. İqtisadçılar və hüquqşünaslar bir yerdə çalışmalıdırlar. Elə mütəxəssislər hazırlamalıyıq ki, həm iqtisadiyyatı, həm də hüquq elmini yaxşı bilsinlər”.
Milli Məclis Aparatının rəhbəri qanunlara tez-tez dəyişikliklərin edilməsinin səbəblərini qanunlardakı böşluqlarla, vaxtilə hazırlanarkən buraxılmış səhvlərlə, ayrı-ayrı sahələrin və bütövlükdə cəmiyyətin inkişafı ilə əlaqədar vaxtaşırı qanunların da təkmilləşdirilməsinə, hüquqi tənmizləməyə ehtiyacın yaranması ilə əlaqələndirdi. S.Mirzəyev qanunların icrasına nəzarət formalarının da təkmilləşdirilməsinə ehtiyac olduğunu vurguladı.
Alimləri daha çox maraqlandıran suallardan biri – “Elm haqqında” qanunun qəbulunun yubanması ilə bağlı S.Mirzəyev qeyd etdi ki, həmin qanun layihəsi hazır olsa da orada böyük maliyyə tutumlu məsələlər öz əksini tapıb, onların həyata keçirilməsi müəyyən vəsait tələb edir. Qanunun qəbul ediləcəyi halda onun konkret maliyyə təminatı da olmalıdır. Ona görə də həmim məsələlərə Maliyyə Nazirliyi ilə birlikdə baxılmalı və razılaşdırılmalıdır.
Elmi sessiyada ölkədə qanunların faktiki icrası vəziyyəti, qanunlardakı boşluqlar, yeni qanunlara olan ehtiyac, qanunların tez-tez dəyişdirilməsinin müsbət və mənfi tərəfləri, bunun iqtisadiyyata təsirləri, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi problemləri və s. məsələlər daha çox müzakirələrə səbəb oldu (economics.com.az).