İqtisadiyyatın solluğu (sağlığı) indeksi ətrafında elmi müzakirə
- Oxunub 1558 dəfə
Professor Nazim Müzəffərli (İmanov) AMEA İctimai Elmlər Bölməsinin Bürosu ilə İqtisadiyyat İnstitutunun Elmi Şurasının birgə iclasında məruzə ilə çıxış etdi
İyulun 10-da AMEA İctimai Elmlər Bölməsinin Bürosu ilə İqtisadiyyat İnstitutunun Elmi Şurasının birgə iclası keçirildi. AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın sədrliyi ilə keçirilən iclasda İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) “İqtisadiyyatın Solluğu (sağlığı) indeksi: ideya, ölçmə metodologiyası, nəticələr və tətbiq imkanları” mövzusunda məruzə etdi.
Məruzəçi iqtisadiyyatın solluğu (sağlığı) indeksinin əsas mahiyyətini izah edərək iqtisadi siyasətlə bağlı əsasən iki məfkurənin - dövlətin iqtisadiyyata fəal müdaxilə edərək onu tənzimləməsi və dövlətin iqtisadiyyata mümkün qədər az müdaxilə etməsilə azad bazarın özünütənzimləmə mexamizmlərinə üstünlük verməsinin mövcud olduğunu vurguladı. Konkret zaman kəsiyində hər bir ölkənin iqtisadiyyatı dövlətin ona müdaxiləsinin sistemyaradıcı formalarının səviyyəsindən asılı olaraq solluq-sağlıq əlamətləri alır. Belə formalarda dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yuksəkdirsə, iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa, bir o qədər daha sağdadır.
İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi hər biri müxtəlif göstəricilər əsasında hesablanan yeddi sub-indeks əsasında iki variantda hesablanır. Bunlar dövlət maliyyəsi sub-indeksi, sosial xərclər sub-indeksi, qiymətlərin tənzimlənməsi sub-indeksi, xarici ticarət sub-indeksi, lisenziyalaşdırma sub-indeksi, məşğulluğun tənzimlənməsi sub-indeksi, minimum əmək haqqı sub-indeksləridir. Məruzəçi sub-indekslərin hər birinin mahiyyəti və hesablanması metodologiyası üzrə geniş şərh verdi. Habelə 37 ölkə arasında aparılmış tədqiqatlara əsasən, İqtisadiyyatın Solluğu (Sağlığı) indeksi üzrə ölkəvi nəticələr iştirakçıların diqqətinə çatdırıldı.
N.Müzəffərli qeyd etdi ki, dünyanın bütün aparıcı analitik mərkəzlərinin apardıqları sıralamaların (reytinq və rənkinqlərin) əksinə olaraq, AMEA İqtisadiyyat İnstitutunun apardığı araşdırmaların nəticəsi olaraq ölkəvi nəticələr üzrə verilən sıralamalarda “yaxşı” – “pis”, “öndə gedən” – “geridə qalan” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var.
Sonra suallar əsasında mövzu ətrafında müzakirələr davam etdirildi. AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd etdi ki, İctimai Elmlər Bölməsinin Bürosu institutlarla birgə belə elmi müzakirələrin keçirilməsində maraqlıdır. AMEA İqtisadiyyat İnstitutunun bir neçə maraqlı layihəsi var. Onlardan biri də İqtisadiyyatın Solluğu (sağlığı) indeksi ilə bağlı layihədir ki, müzakirə üçün yaxın gələcəkdə AMEA Rəyasət Heyətinə təqdim olunacaq.
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edərək məruzəçinin müzakirəyə təqdim etdiyi ideyanı bəyəndiyini, maraqlı, düşündürücü bir mövzu olduğunu vurğuladı və layihənin AMEA Rəyasət Heyətinə təqdim olunmasını təklif etdi. AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə də bu ideyanı dəstəkləməklə yanaşı mövzu ətrafında mütəxəssislərin iştirakı ilə müzakirələrin davam etdirilməsini, seminarın təşkilni məqsədəuyğun saydığını bildirdi (economics.com.az).
Professor Nazim Müzəffərlinin (İmanov) məruzəsi ilə daha yaxından aşağıdakı linkdə (yükləməklə) tanış olmaq olar