Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş

  • Oxunub 1375 dəfə

   İki İnstitut arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

  İyulun 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə bir qrup nümayəndə heyəti ilə görüş keçirildi. Məqsəd İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq imkanlarının və perspektivlərinin müzakirəsi idi. Qonaqlara İTİ-nin əsas fəaliyyəti barədə İnstitutun direktoru, AMEA-nın akademik-katibi Rasim Əliquliyev geniş məlumat verdi.

  İqtisadçı alimlər İnstitutun AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris Mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, Elmi Tədqiqatlar Mərkəzi və Elektron Kitabxana Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, həmçinin İnternet-kafenin fəaliyyəti və müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldular.

  Sonra İnstitutların əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirildi. Akademik Rasim Əliquliyev elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının prioritet məsələlərdən olduğunu qeyd etdi. İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açdı. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırdı.

  İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli İTİ-nin ən müasir standartlara uyğun fəaliyyətini yüksək qiymətləndirərək onun təcrübəsinin çox maraqlı və eyni zamanda AMEA-nın digər institutları üçün də faydalı ola biləcəyini vurğuladı.

  Görüş zamanı İnformasiya Texnologiyaları İnstitutu ilə İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyi, birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacağı qeyd edildi (economics.com.az).

 Fotoqalereya (yükləyin)