AMEA İctimai Elmlər Bölməsinin büro iclasında İqtisadiyyat İnstitutunun hesabatı dinlənilib
- Oxunub 1503 dəfə
İyulun 23-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.
İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın sədrliyi ilə keçirilən, Bölmənin büro üzvlərinin, İnstitut direktorlarının da iştirak etdiyi tədbirdə institutların 2015-ci il üzrə yarımillik fəaliyyətlərinə dair hesabatları dinlənildi.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov yarım il ərzində İnstitutda həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, maddi-texniki baza, elmin populyarlaşdırılması üzrə fəaliyyət, əldə olunan mühüm elmi nəticələr və digər məsələlərə dair ətraflı məlumat verdi.
Qeyd edildi ki, 2015-ci ildə İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasının davamlı inkişafının təmin edilməsinin sosial-iqtisadi problemləri (2014-2016)” adlı elmi-tədqiqat planı üzrə 2015-ci il üçün nəzərdə tutulmuş dünya təcrübəsinın və Azərbaycan iqtisadiyyatının davamlı inkişafı ilə bağlı mövcud vəziyyətin təhlili, qiymətləndirilməsi və problemlərin aşkar olunması istiqamətində elmi araşdırmalar davam etdirilmişdir. İnstitut Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə Dövlət Proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsində də yaxından iştirak edir (economics.com.az).