Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə I Azərbaycan Beynəlxalq konfransı
- Oxunub 1368 dəfə
Tədbirdə İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun “Davamlı inkişafda elm və innovasiyaların rolu” mövzusunda məruzəsi dinlənilib
Oktyabrın 15-də “Fairmont Baku Flame Towers” otelində I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət (Baku CSR Conference-2015) üzrə konfrans keçirilib. Məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir.
“Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, bu konfrans Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin qorunması və sosial məsuliyyətin artırılması məsələlərinin əsas vəzifə olduğunu bir daha ifadə edir. Bildirilib ki, bu gün neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hesabına ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafı başlıca hədəf kimi götürülür. Sonra “Kaleidoscope Futures|CSR International”ın qurucusu və direktoru Veyn Visserin “Davamlı sahələr: biznes, liderlik və innovasiya sayəsində əsaslı dəyişikliklər” adlı məruzəsi dinlənilib. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə AR İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, “BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Konfransın plenar iclasında AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovun “Davamlı inkişafda elm və innovasiyaların rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə cəmiyyətin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında elmin mühüm rolu qeyd edilib. Bununla yanaşı, bir sıra qlobal ekoloji problemlərin, kütləvi insan qırğınlarının da baş verməsində elmin rolundan bəhs olunub. A.Muradov müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan dünya ölkələrində elm və innovasiyaların inkişaf səviyyyəsini təhlil edərək Azərbaycanda elm, innovasiya və biliklərə əsaslanan inkişafa meyllər və bu istiqamətdə qarşıda duran vəzifələrdən söz açıb.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb (www.science.gov.az).