Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dövlət müşaviri iqtisadçılara “Kitabi-Dədə Qorqud”dan danışdı

  • Oxunub 1496 dəfə

 Akademik Kamal Abdullayev ““Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits - 200” mövzusunda məruzə oxuyub

 Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən hazırlanmış fəaliyyət proqramına uyğun olaraq “Kitabi-Dədə Qorqud” dastanlarının daha geniş spektrdə öyrənilməsi və təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən növbətisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev AMEA-nın İqtisadiyyat İnsitutunun əməkdaşları üçün ““Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” mövzusunda məruzə oxuyub. Tədbirə həmçinin ədəbiyyatçılar, filosoflar da qatılıblar. 

 Tədbiri giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) açaraq tədbir iştirakçılarını salamlayıb və belə bir müştərək layihənin keçirilməsindən məmnunluğunu ifadə edib. Sonra İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva məruzəçi və mövzu haqqında təqdimatla çıxış etdi. 

 Akademik Kamal Abdullayev “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının zəngin tarixi keçmişini, həyat tərzini, mədəniyyətini bütün çalarları ilə ortaya qoyan ana kitabımız olduğunu vurğuladı. Bildirdi ki, bu dastanın artıq təkcə ədəbiyyatçılar deyil, digər elm sahələrinin nümayəndələri tərəfindən də tədqiq olunmasına böyük ehtiyac var. Xüsusən iqtisad elmi ilə bağlı dastanda vurğulanan məsələlər dərindən araşdırılmalı və xalqımızın, dövlətçilik tariximizin tarixi iqtisadi inkişafı məhz bu dastanla izlənilməlidir. Ölkə Prezidentinin imzaladığı məlum sərəncamın qorduqşünaslığın inkişafında yeni bir mərhələ başlatdığını dilə gətirən dövlət müşviri bu sərəncamın işığına AMEA-nın bütün insitutlarının qoşulmasına çox böyük ehtiyac olduğunu vurğuladı. Bu ehtiyacı xalqımızın Ümummilli lideri Heydər Əliyevin dastanın 1300 illiyinin keçirilməsi mərasimində söylədiyi sözlər də təsdiqləməkdədir: “Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi böyük mədəni-estetik əhəmiyyət kəsb edir”.

 Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın müxtəlif institutlarının direktorları və əməkdaşları da akademik K.Abdullayevin məruzəsindən sonra çıxış edərək bu məzmunda tədbirlərin keçirilməsinə, “Kitabi-Dədə Qorqud” dastanlarının daha dərin tədqiqi məsələlərinin vacibliyinə diqqət çəkdilər (economics.com.az).