“Bu günü mənə bəxş etdiyinizə görə xoşbəxtəm!”
- Oxunub 1515 dəfə
Azadə Əhmədovanın 80 illik yubileyi qeyd olundu
Noyabrın 17-də İqtisadiyyat İnstitutunda iqtisad üzrə fəlsəfə doktoru Azadə Hüseyn qızı Əhmədovanın 80 illik yubileyinə həsr olunmuş toplantı keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli A.Əhmədovanın institutumuzdakı 45 illik əmək fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı onu yubileyi münasibəti ilə bütün kollektivin adından təbrik etdi.
Yubiliyarla uzun müddət çiyin-çiyinə çalışmış iş yoldaşları - AMEA-nın müxbir üzvü Şahbaz Muradov, Tanrıverdi Paşa, Yulduz Əliyeva, Dağıstan Usubov, Aqil Əsədov, Ələsgər Sarıyev, Allahyar Muradov, Rəsmiyyə Abdullayeva, Nəsimi Əhmədov və digərləri Azadə Əhmədova haqqında xatirələrini danışdılar, onun yüksək insani xüsusiyyətlərini, zəhmətkeşliyini, qayğıkeşliyini, həmkarları arasında qazandığı hörməti xüsusi qeyd etdilər. Çıxış edənlər yubiliyara firavan həyat, can sağlığı və uzun ömür arzuladılar.
Sonda söz alan Azadə xanım Əhmədova ona göstərilən diqqətə, haqqında söylənilən xoş sözlərə görə İnstitutun kollektivinə öz dərin təşəkkürünü bildirdi: “Bu günü mənə bəxş etdiyinizə görə xoşbəxtəm!” (economics.com.az).