“İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin hesabatı dinlənilib
- Oxunub 1440 dəfə
Noyabrın 19-da İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə növbəti iclas keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İclasda İnstitutun elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdi.
Şöbə müdiri, i.f.d. Allahyar Muradov məlumat verdi ki, bu il şöbə tərəfindən “Azərbaycan iqtisadiyyatında milli innovasiya sisteminin formalaşması ilə bağlı mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Milli innovasiya sisteminin formalaşması ilə bağlı mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi” üzrə tədqiqat aparan A.Muradov əsas elmi nəticələr, tədqiqatların dərinləşdirilməsinin əhəmiyyəti, qarşıda duran vəzifələr barədə danışdı.
Daha sonra şöbənin işçiləri - i.f.d., dos. E.Məmməd-zadə “Elm tutumlu sənaye sektorunun mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi”, i.e.d. prof. R.İsgəndərov “Azərbaycanda texnoparkların fəaliyyətinin qiymətləndirilməsi”, elmi işçi V.Novruzova “Azərbaycanda elmi-texniki potensialın mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi”, R.Rzayev “İnkişaf etmiş ölkələrlə müqayisəli təhlil və qiymətləndirmə” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər (economics.com.az).