Dissertasiya Şurasında doktorluq işi müdafiə olundu
- Oxunub 1450 dəfə
Rövşən Muradov “Azərbaycan Respublikasında əmək potensialının formalaşması və istifadəsinin sosial-iqtisadi və demoqrafik problemləri” mövzusunda dissertasiya işini müdafiə etdi
Noyabrın 25-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında Rövşən Şahbaz oğlu Muradovun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında əmək potensialının formalaşması və istifadəsinin sosial-iqtisadi və demoqrafik problemləri” mövzusunda dissertasiya işinin (5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə) müdafiəsi üzrə müzakirələr keçirildi.
Dissertasiya Şurasının sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda Şuranın elmi katibi, i.f.d. Fərqanə Musayeva iddiaçı barədə məlumat verdi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib, i.f.d. R.Muradov İnstitutun baş elmi işçisidir.
İddiaçı Rövşən Muradov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. O, işin aktuallığını, problemin öyrənilmə səviyyəsini, tədqiqatın məqsəd və vəzifələrini, işin əsas elmi yeniliklərini qeyd etdi, müdafiəyə təqdim edilən əsas elmi müddəaları, dissertasiyanın nəzəri və təcrübəvi əhəmiyyətini əsaslandırmaqla yanaşı nəticə və təklifləri səsləndirdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin – professorlar M.Atakişiyev, İ.Alıyev, R.Sultanova, H.Rüstəmbəyov, T.Əliyev, N.İmanovun işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., professor Tofiq Quliyev, i.e.d., professor Qəzənfər Süleymanov, i.e.d., professor Məhəbbət Məmmədov çıxış edərək mövzunun aktuallığını, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun yazıldığını qeyd etməklə yanaşı irad və təkliflərini də bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasıdır. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.
Dissertasiya işi ilə bağlı çıxış edən Şuranın üzvləri - AMEA-nın müxbir üzvü Ə.Nuriyev, prof. İ.Alıyev, prof. Rəna Sultanova, prof. M.Atakişiyev dissertasiya işinin mövzusunun aktual olduğunu vurğuladılar, işi fundamental tədqiqat əsəri kimi xarakterizə etdilər. Habelə işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda iddiaçının doktorluq dissertasiya işi səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).