Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Elmin KİV-də təbliği”

  • Oxunub 1133 dəfə

 Bu mövzuda AMEA prezidentinin iştirakı ilə aparılan müzakirələrdə economics.com.az saytının baş redaktoru Mahir Zeynalov da iştirak edib

 Yanvarın 15-də AMEA Geologiya və Geofizika İnstitutunda “Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirildi. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edirdi.

 Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılmasının, bu işlərin yüksək səviyyədə təşkilinin vacibliyindən danışdı. Elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-lərin rolundan söz açdı. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elm sahəsindən yazan jurnalistlərin üzərinə düşən vəzifələri qeyd etdi. AMEA-nın fəaliyyətinin, alimlərin elmi nəticələrinin təbliği, elmin piarının yüksək səviyyədə təşkilinin cəmiyyətin aktual elmi nailiyyətlər haqqında məlumatlandırılmasında mühüm rol oynadığını bildirdi.

 Elmi jurnalistikanın xüsusi bir istiqamət olduğunu qeyd edən akademik burada jurnalistika ilə elmin vəhdət təşkil etdiyini diqqətə çatdırdı. AMEA prezidenti jurnalistləri elmdə baş verən yenilikləri, innovativ layihələri, həyata keçirilən mühüm tədbirləri daha operativ işıqlandırmağa, Azərbaycan elmini yüksək səviyyədə təbliğ etməyə səslədi.

 AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elmi-texniki sahədə tərəqqi ilə KİV-in daha geniş imkanlarının meydana gəldiyini bildirdi. E-informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söylədi. Jurnalistlərlə görüşün əhəmiyyətini qeyd edən R.Əliquliyev informasiya mübadiləsinin operativ şəkildə aparılması, AMEA-nın institut və təşkilatlarının veb-saytlarının daha da inkişaf etdirilməsi, piar siyasətinin yüksək səviyyədə qurulmasının vacibliyindən danışdı. Alim AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçiriləcəyini də qeyd etdi.

 Sonra akademiyanın elmi müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları bu sahədə görülən işlər barədə danışıblar. Toplantıda çıxış edən AMEA İqtisadiyyat İnstitutunun economics.com.az saytının baş redaktoru, i.f.d. Mahir Zeynalov saytın fəaliyyəti haqqında geniş məlumat verib, habelə elmin, institutlarda aparılan tədqiqatların KİV-lər vasitəsilə içtimaiyyətə çatdırılması istiqamətində öz düşüncələrini bölüşüb, təkliflərini səsləndirib (economics.com.az).

Tədbiri ELM TV-də aşağıdakı linqi yükləməklə izləmək olar

http://www.science.az/video/open/news_3033