“Məşğulluq siyasəti” mövzusunda təlim-seminar
- Oxunub 1281 dəfə
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun alimləri də iştirak ediblər
Fevralın 8-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində “Məşğulluq siyasəti” mövzusunda təlim-seminara başlanılıb. 8-11 fevral tarixlərində keçirilən təlim-seminarın açılışına aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə həmçinin AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Cəlil Quliyev və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak ediblər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26.11.2015-ci il tarixli qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə işçi qrupu yaradılıb. İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Cəlil Quliyev həmin işçi qrupunun üzvüdür (economics.com.az).