İqtisadiyyat İnstitutu Türkiyənin elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurur
- Oxunub 1205 dəfə
İnstitutun bir qrup əməkdaşı qardaş ölkədə işgüzar səfərdə olub
AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı 7-11 mart 2016-cı il tarixlərində Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) texniki və maliyyə dəstəyi ilə Türkiyədə işgüzar səfərdə olublar. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti - elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva, habelə aparıcı elmi işçilər, f.f.d. Mayis Gulalıyev, i.f.d. Rüfət Efendiyev, i.f.d. Emin Məmmədzadə və i.f.d. Samira Ağayeva Ankara və İstanbul şəhərlərində bir sıra nazirlik və universitetlərdə görüşlər keçiriblər.
İstanbulda Türkiyə Cumhuriyyəti Mərkəzi Bankının İstanbul Merkəz Bankaçılığı Araşdırma və Tədris Mərkəzi, Türkiyə Katılım Bankları Birliyi, İstanbul Universiteti, İstanbul Ticarət Universiteti, İstanbul Texnik Universiteti və İstanbul Sabahattin Zaim Universitetində, Ankara şəhərində isə Qazi Universiteti, Türkiyə Cumhuriyyəti Ekonomi Bakanlığı, Kalkınma Bakanlığı Ekonomik Modellər və Stratejik Araşdırmalar Bölümündə, habelə TİKA-nın Qafqaz və Orta Asiya Respublikaları üzrə dairə başkanı Murat Çətinlə görüşlərdə əlaqələrin qurulması və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Həyata keçirilməsi nəzərdə tutulan əsas əməkdaşlıq istiqamətlərinə birgə məqalələrin yazılması; iqtisadiyyatla bağlı Türkiyədə nəşr olunan dərgilərdə redaksiya heyətinə Azərbaycanın tanınmış iqtisadçı alimlərinin, Azərbaycanda elmi jurnalların redaksiya heyətinə Türkiyənin hüfuzlu iqtisadçı alimlərinin daxil edilməsi; birgə konfransların, simpoziumların, seminarların keçirilməsi; Türkdilli dövlətlərin iqtisadçı-alimlərinin 1-ci Bakı Forumunun keçirilməsi; müvafiq nazirliklərin araşdırma mərkəzləri ilə birgə tədqiqatların aparılması; universitetlərlə doktorantura hazırlığı üzrə tələbə mübadiləsinin həyata keçirilməsi və s. daxildir.
Qeyd olunan məsələlərlə bağlı gələcək əməkdaşlıq çərçivəsində görüləcək işlərlə əlaqədar AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyinin qərarı ilə İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva koordinator təyin edilmişdir.
Xatırladaq ki, 2015-ci ilin fevral ayında Bakı şəhərində TİKA ilə AMEA İqtisadiyyat İnstitutu “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda elmi konfrans keçirmişdir. İki qurum arasında davam etdirilməsi nəzərdə tutulan əməkdaşlığın əsas məqsədi iki qardaş ölkə arasında elmi əlaqələri daha da gücləndirmək, birgə fundamental, uzunmüddətli tədqiqatlar aparmaq və əldə olunmuş nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişaf etdirilməsinə öz töhfələrini verməsinə nail olmaqdır (economics.com.az)