Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanda ətraf mühitin aktual problemləri müzakirə olunub

  • Oxunub 1176 dəfə

 Aprelin 8-də AMEA İqtisadiyyat İnstitutunda Milli Məclisin deputatı, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə BMT-nin ətraf mühit üzrə proqramının – UNEP-in (United Nations Environment Programme) Cenevrə ofisinin Avropa üzrə regional koordinatoru Mahir Əliyevin və İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Rüfət Efendiyevin iştirakı ilə işgüzar görüş keçirilmişdir. Görüşdə Azərbaycanda ətraf mühitin hazırki durumu, ölkəmizin Şimal-Qərb rayonlarının, eləcə də cəbhə zonasında yerləşən kəndlərin su ilə təchiz olunması məsələləri, o cümlədən Kür çayının və Abşeron yarımadasının torpaq çirklənməsi kimi problemlər geniş müzakirə olunmuşdur.

 Beynəlxalq əməkdaşlıq kontekstində bu və digər problemlərin həlli istiqamətində daxili normativ hüquqi bazanın təkmilləşdirilməsi imkanları araşdırılaraq Azərbaycan üçün lazımi tövsiyələrin hazırlanmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Həmçinin, 2016-cı ilin fevralın 23-dən 25-dək Keniyanın paytaxtı Nayrobidə UNEP-in təşkilatçılığı və üzv dövlətlərin, qeyri-dövlət strukturlarının, akademik sferanın nümayəndələri, habelə UNEP-in əməkdaşlarının yer aldığı inteqrasiyalı yanaşma mövzulu beynəlxalq konfransın nəticələri də bu görüşdə müzakirə olunmuşdur. Keniyada keçirilən tədbirdə R.Efendiyev Azərbaycanda davamlı inkişaf sahəsində görülən işlər, əldə edilmiş nəticələr və qlobal əməkdaşlığın aktivləşdirilməsi müxanizmləri barədə çıxış edərək, UNEP-in bu məsələdə rolunu xüsusi ilə qeyd etmişdir. Qeyd edək ki, beynəlxalq konfransın işirakçıları 2030-cu ilə qədər davamlı inkişaf istiqamətində müxtəlif təşəbbüslər üzrə təcrübə və informasiya mübadiləsi üçün alətlər və metodologiyaların inkişafına dair vahid yanaşmadan istifadə edirlər.

 Xatırladaq ki, 2016-cı il yanvarın 1-dən 2030-cu ilə qədər olan dövr üçün davamlı inkişaf üzrə Gündəlik qüvvəyə minib. Yeni Gündəlik – ölkələri davamlı inkişaf üzrə 17 məqsədə çatmaq üçün işlərə başlamağa çağırır. 2015-ci ilin sentyabrında BMT-nin sammitində 193 ölkə tərəfindən qəbul olunmuş davamlı inkişafın məqsədləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin təlabatının ödənilməsinə yönəlib. Yeni ambisiyalı Gündəlik özündə davamlı inkişafın üç əsas - sosial, iqtisadi və ekoloji tərəflərini, habelə sülh və ədalət məsələlərini əks etdirir. Sənəddə həmin məqsədlərə çatmaq üçün maliyyə resursları, yeni texnologiyaların işlənilməsi və əməkdaşlığın möhkəmləndirilməsi kimi vasitələrin səfərbər olunmasının vacibliyi qeyd edilir (economics.com.az).