Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Elektron kitabxanaların formalaşması problemləri”

  • Oxunub 1172 dəfə

 Bu mövzuda respublika elmi-praktiki konfransı keçirildi

 Aprelin 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi. AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

 Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfrans iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadənin adından salamladı. AMEA Rəyasət Heyətinin qərarı ilə keçirilən konfransın elektron kitabxanaların multidissiplinar problemlərinə həsr olunduğunu qeyd etdi. Müasir dövrün ən aktual elmi problemlərindən olan elektron kitabxanaların formalaşması məsələlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

 R.Əliquliyev “Gələcək nəsil elektron kitabxanaların formalaşması perspektivləri” adlı məruzə ilə çıxış edərək kitabxanalarda veb-texnologiyalar, linqvistik texnologiyalar, bulud texnologiyaları, Big Data texnologiyaları və bibliometrik texnologiyaların tətbiqi istiqamətində fundamental tədqiqatların aparılmasının zəruriliyini vurğuladı. Ölkədə milli elektron kitabxana mühitinin yaradılmasının prioritet məsələlərdən olduğunu söyləyən alim bildirdi ki, bunun üçün e-kitabxanaların kommunallaşdırılması və inteqrasiyası əsas fəaliyyət istiqamətlərindəndir.

 Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Lətifə Məmmədova “Elektron kitabxana mədəniyyətin fenomeni kimi”, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov “Azərbaycanda korporativ elektron kitabxana şəbəkəsinin yaradılması modeli: problemlər və perspektivlər”, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Elektron kitabxanaların qarşılıqlı inteqrasiyası problemləri”, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun milli koordinatoru Cəmilə Yusifova “Beynəlxalq elmi bazalarda rəqəmsal kitabxanaların axtarış imkanları və tədris prosesində informasiya təminatının təşkili” adlı məruzələrlə çıxış etdilər. Konfransda AMEA İqtisadiyyat İnstitutunun İnternet saytının – economics.com.az-ın baş redaktoru, i.f.d. Mahir Zeynalov da iştirak edirdi. 

 Fasilədən sonra konfrans 2 paralel seksiya iclasında işini davam etdirdi. Seksiya iclaslarında e-kitabxanaların formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi və kulturoloji aspektləri və s. mövzularda 47 məruzə təqdim olundu (economics.com.az).