AMEA institutlarının kitabxanalarında vahid elektron kataloq yaradılacaq
- Oxunub 1122 dəfə
Mayın 16-da AMEA Mərkəzi Elmi Kitabxanasında “AMEA təşkilat və müəssisələrinin kitabxana, fond və arxivlərində Vahid Elektron Kataloqun tətbiqi” mövzusunda təqdimat keçirildi.
AMEA-nın 40-a yaxın institut və təşkilatlarının nümayəndələrinin, habelə economics.com.az-ın baş redaktoru, i.f.d. Mahir Zeynalovun, İqtisadiyyat İnstitutunun kitabxanasının müdiri, t.e.n. Şəfəq İslamovanın da iştirak etdiyi təqdimatın keçirilməsində əsas məqsəd dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanaraq hazırlanmış vahid elektron kataloq haqqında məlumat vermək, məlumat bazaları arasında inteqrasiya və standard yanaşma formalaşdıraraq kitabxana proseslərinin tam avtomatlaşdırılmasını təmin etməklə elmin inkişafına töhfə verməkdir.
MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA institut və təşkilatlarının Vahid Elektron Kataloqunun yaradılması zərurəti haqqında məlumat verdi. O, bildirdi ki, MEK-in yaratdığı vahid elektron kataloq AMEA-da toplanan elektron resursların yığcam formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın ikitərəfli şəkildə asan mübadiləsinə imkan vermək üçündür. Təqdimat zamanı kitabxanalarda tətbiq olunan müxtəlif kataloqların əksəriyyətinin Vahid Elektron Kataloqa konvertasiya imkanları, formalaşdırılan biblioqrafik məlumatların dünyanın digər kitabxanaları ilə mübadilə formatı, yeni elektron kataloqa keçidin kitabxanalara gətirəcəyi üstünlüklər və çətinliklər müzakirə edildi.
MEK-in innovativ layihələr şöbəsinin rəhbəri Şərafət İsmayılova MEK-in işçi heyəti tərəfindən hazırlanmış Vahid Elektron Kataloq (VEK) barədə ətraflı məlumat verdi, onun daha öncə tətbiq olunan sistemlərdən üstünlüklərini vurğuladı. Ş.İsmayılovanın sözlərinə görə, VEK-in əsas üstünlüyü biblioqrafik təsvirlərin təhlükəsizliyi, asan idarə olunması, mübadilə imkanları və gələcək nəsillərə ötürülməsidir. MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşları Gülnar Məmmədova və Şəbnəm Rüstəmova birgə təqdimatları zamanı informasiya vahidlərinin proqrama daxil edilməsi prosesini nümayiş etdirdilər.