Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Neftqazçıxarmada investisiya prosesinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi”

  • Oxunub 1364 dəfə

 Dissertasiya Şurasında bu mövzuda dissertasiya işi müdafiə edildi

 Mayın 27-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Əhmədova Təranə Mütəllim qızının 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Neftqazçıxarmada investisiya prosesinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda (elmi rəhbər i.e.d., prof. Qənimət Səfərov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Sumqayıt Dövlət Universitetində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Təranə Əhmədova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – iqtisad elmləri doktoru, prof. Müşfiq Atakişiyev və i.f.d. Veronika Məhərrəmova mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutudur. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Təranə Əhmədova opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.

 Qeyd edək ki, dissertasiya işinin müzakirəsi çox maraqlı və geniş diskussiya şəraitində keçdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Təranə Əhmədovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

 Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.

 Avtoreferat Əhmədova Təranə Mütəllim qızı: “Neftqazçıxarmada investisiya prosesinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi” (yüklə)